LeBron Ceyms üçün ən ideal son dayanacaq niyə məhz “Mayami” ola bilər?

NBA tarixinin ən böyük basketbolçularından biri hesab olunan LeBron Ceymsin gələcək karyerası ətrafında müzakirələr davam edir. 41 yaşlı ulduzun növbəti mövsümü hansı komandada keçirəcəyi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. ESPN-in yayımladığı təhlildə onun üçün ən uyğun variantın “Mayami Hit”ə qayıdış ola biləcəyi vurğulanır. Bununla yanaşı, “Klivlend Kavalirs”, “Filadelfiya 76ers” və “Qolden Steyt Uorriors” da mümkün seçimlər arasında göstərilir. Son günlər “Mayami”nin rəsmi YouTube kanalında qısa müddətlik yayımlanan təqdimat videosu isə Ceymsin Floridaya mümkün dönüşü ilə bağlı müzakirələri daha da alovlandırıb.

LeBron 2010–2014-cü illərdə “Mayami Hit” forması ilə iki NBA çempionluğu, iki MVP mükafatı qazanaraq karyerasının ən uğurlu dövrlərindən birini yaşayıb. Həmin illər onun yalnız fərdi statistikalarını deyil, həm də qalib lider obrazını formalaşdırıb.

“Mayami” həm idman, həm də karyera baxımından uyğun seçim sayılır

Hazırda “Mayami” heyətinə ikiqat NBA MVP-si Yannis Antetokunmpo da qoşulub. Klub prezidenti Pat Rayli yeni təqdimat mərasimində LeBronun transferinə işarə edən açıqlama verib və komandanın hələ “daha bir böyük transfer” üzərində çalışdığını bildirib. Antetokunmpo isə LeBronla eyni komandada oynamaq istəyəcəyini gizlətməyib.

Basketbol baxımından da bu variant məntiqli görünür. LeBron Yannis Antetokunmpo və Bem Adebayo ilə birlikdə oynayacağı halda, əvvəlki illərdə olduğu kimi komandanın bütün yükünü təkbaşına daşımağa məcbur olmayacaq. Bundan əlavə, Erik Spoulstra hələ də liqanın ən güclü məşqçilərindən biri hesab olunur və Ceyms onun sistemini çox yaxşı tanıyır.

Ötən mövsüm “Los-Anceles Leykers”in heyətində çıxış edən LeBron orta hesabla 21 xal, 7,2 məhsuldar ötürmə və 6,1 ribaundla yadda qalıb. Yaşına baxmayaraq, o, hələ də liqanın ən təsirli basketbolçularından biri hesab edilir.

“Klivlend” romantik seçim olsa da, “Mayami” daha real görünür

LeBronun karyerasını başladığı “Klivlend Kavalirs”ə qayıdışı emosional baxımdan ideal sonluq kimi görünə bilər. Lakin hazırkı heyət və komandanın oyun modeli nəzərə alınanda bu keçidin çempionluq şansını ciddi şəkildə artıracağına dair əminlik yoxdur. Əksinə, “Mayami”də LeBron həm daha balanslı heyətdə çıxış edə, həm də fiziki yükünü azaldaraq əsas diqqətini oyununa yönəldə bilər.

NBA çevrələrində hesab olunur ki, LeBronun bu mərhələdə əsas məqsədi artıq rekordlar qırmaq deyil, basketboldan zövq almaq və yüksək səviyyədə mübarizə aparmaqdır. Məhz buna görə də “Mayami Hit” onun karyerasının son fəsli üçün ən uyğun seçimlərdən biri kimi qiymətləndirilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni