LEGO Group və İsveçin məşhur hiperkar istehsalçısı Koenigsegg qeyri-adi layihə ilə diqqət mərkəzinə düşüblər. Şirkətlər birlikdə LEGO Technic elementlərindən hazırlanmış, tam idarəolunan və real ölçülü Koenigsegg Sadair Spear modelini təqdim ediblər.
Layihə həm texniki mürəkkəbliyi, həm də əldə etdiyi nəticə ilə rekordlar siyahısına düşüb. Tamölçülü avtomobilin yaradılması üçün 327 906 LEGO detalından istifadə olunub. Modelin ümumi çəkisi təxminən 1 800 kiloqram təşkil edir və bunun 400 kiloqramı birbaşa LEGO hissələrinin payına düşür. Konstruktor avtomobilin hazırlanması və yığılması üçün 9 400 saatdan artıq əmək sərf olunub.
Goodwood trasında rekord nəticə
Sınaqlar Böyük Britaniyanın məşhur Goodwood Raceway trasında keçirilib. Sükan arxasında Koenigsegg-in test pilotu Markus Lund əyləşib. Test yürüşü zamanı LEGO-dan hazırlanmış hiperkar 111 km/saat maksimal sürətə çataraq şirkətin tarixində yaradılmış ən sürətli idarəolunan LEGO avtomobili statusunu qazanıb.
Layihə Koenigsegg Sadair Spear hiperkarının LEGO Technic seriyası üçün hazırlanmış xüsusi versiyasına əsaslanır. Konstruktor həvəskarları üçün nəzərdə tutulan 1:8 miqyaslı model isə 4 104 detal ehtiva edir və orijinal avtomobilin bir çox texniki xüsusiyyətlərini özündə əks etdirir.
LEGO Technic dəstinə aşağıdakı funksiyalar daxil edilib:
- İşlək V8 porşenli mühərrik
- 9 pilləli transmissiya sistemi
- Koenigsegg-in məşhur Triplex asqı sistemi
- “Ghost Mode” funksiyası
Qeyd edək ki, LEGO Technic Ultimate Car Concept Series xəttində daha əvvəl Porsche 911 GT3 RS, Bugatti Chiron, Lamborghini Sián FKP 37, Ferrari Daytona SP3 və McLaren P1 kimi məşhur superkarların modelləri də təqdim olunub. Koenigsegg Sadair Spear isə bu seriyanın ən diqqətçəkən layihələrindən biri hesab edilir.




