Leyla Camalzadə Serbiyada beynəlxalq turnirin mükafatçıları sırasında yer aldı

Azərbaycan badmintonunun gənc istedadlarından biri olan Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində təşkil edilən “Serbian U-17 International” turnirində uğurlu çıxışı ilə diqqət çəkib. Yeniyetmə idmançı nüfuzlu beynəlxalq yarışda yarımfinala qədər irəliləyərək bürünc medala sahib olub.

Camalzadə yarışa inamlı qələbə ilə start verib. O, ilk mərhələdə Rumıniya təmsilçisi Ariana Qiurqieni iki setdə məğlub edib – 21:5, 21:6. Azərbaycanlı badmintonçu növbəti görüşdə isə Xorvatiyadan olan Maya Praniçlə qarşılaşıb. Gərgin keçən matçda Leyla üç setin yekununda qalib gələrək növbəti mərhələyə yüksəlib – 22:20, 16:21, 21:15.

Təmsilçimiz 1/8 finalda Türkiyə badmintonçusu Elanur Taşkıranı da mübarizədən kənarlaşdırıb. Leyla bu görüşdə rəqibinə şans vermədən 21:19 və 21:15 hesablı setlərlə qələbə qazanıb.

Dörddəbir final mərhələsində isə onu Polşa təmsilçisi Hanna Vileqa sınağa çəkib. Qarşılaşma turnirin ən gərgin oyunlarından biri olub. İlk seti rahat qazanan Camalzadə ikinci hissədə üstünlüyü əldən versə də, həlledici setdə soyuqqanlı oyun nümayiş etdirərək yarımfinala vəsiqə əldə edib – 21:7, 15:21, 21:19.

Yarımfinala yüksəlməklə medal qazanacağını rəsmiləşdirən Azərbaycan badmintonçusu final uğrunda görüşdə Bolqarıstan təmsilçisi Mariya Popova ilə üz-üzə gəlib. Turnirin son qalibi olan rəqib daha üstün oyun sərgiləyərək 21:16 və 21:14 hesablı setlərlə qələbə qazanıb.

Leyla Camalzadə Serbiyada beynəlxalq turnirin mükafatçıları sırasında yer aldı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni