“Liverpul” klubunun kommersiya tarixində mühüm dəyişiklik baş verəcək. İngiltərə nəhəngi “Turkish Airlines”lə uzunmüddətli tərəfdaşlıq barədə razılığa gəlib və aviaşirkət 2027/28 mövsümündən klubun əsas forma sponsoru olacaq.
Yeni əməkdaşlıq 2027-ci il iyunun 1-dən qüvvəyə minəcək. “Turkish Airlines”in loqosu “Liverpul”un kişi və qadın komandalarının, həmçinin akademiyanın oyun formalarının ön hissəsində yerləşdiriləcək.
Yeni müqavilə 300 milyon funt-sterlinqi ötür
Tərəflər müqavilənin maliyyə şərtlərini rəsmi açıqlamasalar da, razılaşmanın beş il üçün 300 milyon funt-sterlinqdən çox olduğu bildirilir. Klubun yeni tərəfdaşdan hər mövsüm 60 milyon funt-sterlinqdən artıq gəlir əldə edəcəyi gözlənilir.
Beləliklə, “Liverpul”un əsas forma sponsoru 17 ildən sonra ilk dəfə dəyişəcək. “Standard Chartered” 2010-cu ildən bu statusa malikdir və 2026/27 mövsümünün sonunadək klubun formasında qalacaq.
“Liverpul”un kommersiya direktoru Ben Latti yeni əməkdaşlığı klub üçün mühüm mərhələ adlandırıb. O, “Turkish Airlines”in geniş beynəlxalq şəbəkəyə malik qlobal brend olduğunu və tərəflər arasında möhkəm əməkdaşlıq qurulacağına inandıqlarını bildirib.
“Standard Chartered” klubdan ayrılmayacaq
Əsas forma sponsorluğu başa çatsa da, “Standard Chartered”lə 17 illik əməkdaşlıq tam dayandırılmayacaq. Şirkət 2027-ci ilin iyunundan etibarən “Liverpul”un qlobal tərəfdaşı statusunda fəaliyyətini davam etdirəcək.
“Turkish Airlines” isə klub tarixində formanın ön hissəsində yer alan altıncı əsas sponsor olacaq. Daha əvvəl bu statusda “Hitachi”, “Crown Paints”, “Candy”, “Carlsberg” və “Standard Chartered” çıxış edib.
Yeni razılaşma “Liverpul”un kommersiya gəlirlərinin artdığı dövrə təsadüf edir. Klubun 2025-ci ilin mayında başa çatan maliyyə ili üzrə ümumi gəliri rekord 703 milyon funt-sterlinq təşkil edib.





