“Los-Anceles Leykers”in lideri Luka Donçiç yeni NBA mövsümü ərəfəsində komanda yoldaşlarını Sloveniyada bir araya gətirəcək. Məlumata görə, basketbolçu avqust ayında komandanın bütün heyəti üçün dörd günlük xüsusi hazırlıq düşərgəsi təşkil edəcək və bu təşəbbüsün bütün xərclərini özü qarşılayacaq.
Məqsəd rəsmi mövsümöncəsi məşqlər başlamazdan əvvəl futbolçuların bir-birini daha yaxından tanıması, yeni transferlərin kollektivə uyğunlaşması və komanda daxilində əlaqələrin möhkəmləndirilməsidir. Tədbirin Sloveniyanın paytaxtı Lyublyanada keçirilməsi planlaşdırılır.
Hazırlıq yalnız məşqlərlə məhdudlaşmayacaq
Dörd günlük proqram çərçivəsində basketbolçular yalnız məşq etməyəcəklər. Düşərgəyə komanda məşqləri ilə yanaşı, qolf oyunu, Lyublyana şəhərinə ekskursiyalar və kollektiv ruhunu gücləndirməyə yönəlmiş müxtəlif tədbirlər də daxil edilib. Klub rəhbərliyi bu cür qeyri-rəsmi görüşlərin uzun mövsüm öncəsi komandanın birliyinə müsbət təsir göstərəcəyinə inanır.
Toplanışda həm ötən mövsümdən komandada çıxış edən oyunçular, həm də yay transfer pəncərəsində “Leykers”ə qoşulan basketbolçular iştirak edəcəklər.
Yeni transferlər arasında Uoker Kessler, Kollin Sekston, Kventin Qrayms, Kemeron Karr və Kevon Luni də yer alacaq. Məhz bu oyunçuların kollektivə daha tez uyğunlaşması üçün Donçiçin təşəbbüsü mühüm addım kimi qiymətləndirilir.
Mövsümöncəsi belə toplantılar NBA klublarında nadir hal deyil. Komanda daxilində ünsiyyətin gücləndirilməsi və yeni oyunçuların adaptasiyası uzun marafon ərzində uğurlu çıxış üçün vacib amillərdən biri hesab olunur. Luka Donçiç də bu təşəbbüsü ilə meydandan kənarda liderlik keyfiyyətlərini nümayiş etdirməyə davam edir.




