Luka Modriçin karyerasını başa vuracağı tarix yaxınlaşdıqca onun gələcəyi ilə bağlı maraqlı iddialar gündəmə gəlməkdə davam edir. İspaniya mətbuatının yaydığı məlumata görə, “Real Madrid” xorvatiyalı əfsanəni yenidən klubda görmək istəyir. Lakin bu dəfə söhbət meydandakı roldan deyil, idarəçilik və ya məsləhətçi vəzifəsindən gedir.
Hazırda “Milan”ın formasını geyinən təcrübəli yarımmüdafiəçinin 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağı ehtimal edilir. Məhz bundan sonra onun “Real Madrid”lə əməkdaşlığının yeni mərhələsi başlaya bilər.
“Real” qapılarını açıq saxlayır
İddialara görə, klub prezidenti Florentino Peres ötən mövsüm keçirilən vida mərasimində Modriçə Madrid klubunun qapılarının onun üçün hər zaman açıq olduğunu bildirib. Rəhbərlik xorvatiyalının illərlə topladığı təcrübədən faydalanmaq niyyətindədir.
Mənbələr qeyd edir ki, Modriç gələcəkdə idman direktoru, prezidentin müşaviri və ya klubun idarəetmə strukturunda başqa mühüm vəzifələrdən birini tuta bilər. “Real Madrid” rəhbərliyi onun nüfuzunun və liderlik keyfiyyətlərinin klub üçün faydalı olacağına inanır.
Madrid tarixinin ən uğurlu oyunçularından biri
Luka Modriç 2012-ci ildə “Tottenhem”dən “Real Madrid”ə transfer olunmuş və 2025-ci ilə qədər klubun əsas simalarından biri olmuşdu. O, Madrid təmsilçisinin heyətində 590 rəsmi matçda meydana çıxıb, 43 qol vurub və 28 titul qazanıb.
Bu uğurlar arasında altı UEFA Çempionlar Liqası kuboku, bir neçə La Liqa çempionluğu və digər beynəlxalq trofeylər yer alır. Modriç həmçinin 2018-ci ildə “Qızıl top” mükafatını qazanaraq uzun illər davam edən Messi-Ronaldo hegemoniyasını dayandıran futbolçu kimi tarixə düşüb.




