Formula-1 üzrə Mayami Qran-prisi gərgin mübarizə və maraqlı hadisələrlə yadda qalıb. Yarışın qalibi “Mercedes” komandasının gənc pilotu Andrea Kimi Antonelli olub.
O, bu mövsümdə üçüncü qələbəsini qazanaraq çempionatdakı liderliyini daha da möhkəmləndirib. Yarış boyu əsas mübarizə Antonelli ilə “McLaren” pilotu Lando Norris arasında gedib və nəticədə italiyalı sürücü üstünlüyünü qorumağı bacarıb.
Start olduqca dramatik keçib. “Ferrari”nin pilotu Şarl Lekler üçüncü yerdən başlayaraq liderliyə yüksəlib. Maks Ferstappen isə ikinci mövqedən start alsa da, səhvə yol verərək spin edib və geriyə düşüb. Bundan sonra yarışın əsas diqqət mərkəzi Antonelli ilə Norris arasındakı duel olub. Modernləşdirilmiş “McLaren” bolidi rəqabətə davamlı olsa da, Antonelli finişə qədər liderliyi əldən verməyib.
Podiumu Norris və onun komanda yoldaşı Oskar Piastri tamamlayıb. “Mercedes”in digər pilotu Corc Rassel isə gözlənilən performansı göstərə bilməyərək dördüncü yerdə finiş görüb. Yarışın əvvəlində Hacjar və Qaslinin qəzası səbəbindən təhlükəsizlik maşını da trasa çıxıb.
Çempionatda vəziyyət: Antonelli fərqi artırdı
Mayami mərhələsindən sonra pilotların ümumi sıralamasında Antonelli 100 xalla liderdir və komanda yoldaşı Corc Rasseli 20 xal qabaqlayır. İlk onluq belə formalaşıb:
- Andrea Kimi Antonelli (Mercedes) – 100
- Corc Rassel (Mercedes) – 80
- Şarl Lekler (Ferrari) – 63
- Lando Norris (McLaren) – 51
- Lyuis Həmilton (Ferrari) – 49
- Oskar Piastri (McLaren) – 43
- Maks Ferstappen (Red Bull) – 26
- Oliver Berman (Haas) – 17
- Pyer Qasli (Alpine) – 16
- Liam Louson (Racing Bulls) – 10
Konstruktorlar kubokunda isə “Mercedes” üstünlüyünü qoruyur:
- Mercedes – 180
- Ferrari – 112
- McLaren – 94
- Red Bull – 30
- Alpine – 21
- Haas – 18
- Racing Bulls – 14
- Williams – 5
- Audi – 2
- Cadillac – 0
- Aston Martin – 0



