Fransa millisinin lideri və Madrid təmsilçisi “Real”ın hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatına rekord ovçusu kimi başlayır. Turnirin favoritlərindən sayılan Fransa yığmasının əsas ümidlərindən biri olan ulduz futbolçu mundial ərzində bir neçə tarixi göstəricini yeniləmək şansı əldə edib.
Hazırda 27 yaşlı forvard milli komandadakı məhsuldarlığı ilə artıq Fransa futbol tarixinin ən böyük adları sırasında yer alır. Qarşıdakı oyunlarda vuracağı qollar ona həm ölkə, həm də dünya çempionatı rekordlarını yeniləməyə imkan verə bilər.
Fransa millisinin bombardiri ola bilər
Mbappenin qarşısında duran ən yaxın hədəflərdən biri Fransa yığmasının bütün dövrlər üzrə ən məhsuldar futbolçusu olmaqdır. Bunun üçün ona cəmi iki qol lazımdır. Bu halda o, uzun müddətdir rekordçu olan Olivye Jirunu geridə qoyacaq.
Hücumçu eyni zamanda dünya çempionatları tarixində Fransa millisinin ən çox qol vuran oyunçusu olmaq şansına da malikdir. Hazırda bu rekord 1958-ci il mundialının qəhrəmanı Jüst Fontenə məxsusdur.
Mundial tarixinin ən məhsuldar futbolçusu ola bilər
Mbappe dünya çempionatında daha beş qol vuracağı halda Almaniya yığmasının əfsanəsi Miroslav Klozenin 16 qolluq rekordunu geridə qoyaraq mundiallar tarixinin yeni bombardiri olacaq.
Bundan başqa, Fransa yığması finala yüksələrsə və Mbappe həlledici görüşdə yenidən fərqlənərsə, o, dünya çempionatları finallarında ümumilikdə beş qol vuran ilk futbolçu kimi tarixə düşəcək.
Fransa millisi DÇ-2026-nın qrup mərhələsində Seneqal, Norveç və İraq yığmaları ilə mübarizə aparacaq. Mbappenin rekord yürüşünə artıq ilk oyundan başlaması futbolsevərlər tərəfindən böyük maraqla gözlənilir.




