2026-cı il dünya çempionatının növbəti oyun günündə həm Lionel Messi, həm də Kilian Mbappe parlaq çıxışları ilə diqqət mərkəzində olublar. Argentina Avstriyanı məğlub edərək vaxtından əvvəl pley-offa yüksəlib, Fransa isə iki saatlıq fasilə ilə yadda qalan matçda İraq üzərində inamlı qələbə qazanıb.
J qrupunda keçirilən Argentina – Avstriya qarşılaşması Arlingtondakı “AT&T Stadium”da baş tutub. Dünya çempionları rəqibini 2:0 hesabı ilə məğlub etsə də, oyunun əsas qəhrəmanı Lionel Messi olub.
Təcrübəli hücumçu matçın 9-cu dəqiqəsində penaltidən yararlana bilməsə də, sonradan iki dəfə fərqlənərək komandasına qələbə qazandırıb. Messi əvvəlcə 38-ci dəqiqədə hesabı açıb, əlavə olunmuş vaxtda isə yekun nəticəni müəyyənləşdirib.
Bu qollar sayəsində argentinalı ulduz dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu statusunu daha da möhkəmləndirib. O, mundiallarda vurduğu qolların sayını 18-ə çatdıraraq Miroslav Klozeni geridə qoyub.
Argentina qrupda ikinci qələbəsini qazanaraq 6 xalla növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
DÇ-2026. J qrupu, II tur
Argentina – Avstriya – 2:0
Qollar: Messi, 38, 90+5
Reallaşdırılmayan penalti: Messi, 9 (Argentina)
Filadelfiyada iki saatlıq fasilə və Mbappenin dubli
I qrupunda baş tutan Fransa – İraq matçı isə qeyri-adi hadisələrlə yadda qalıb. Filadelfiyadakı qarşılaşmada ilk hissənin sonlarına yaxın başlayan güclü yağış, ildırım və fırtına səbəbindən ikinci hissənin startı təxminən iki saat gecikib.
Oyunda hesabı 14-cü dəqiqədə Kilian Mbappe açıb. Fasilədən sonra Fransa meydanda tam üstünlük nümayiş etdirib. İraq qapıçısına edilən uğurlu pressinqdən sonra Mbappe 54-cü dəqiqədə ikinci qolunu vurub. Beş dəqiqə sonra isə Usman Dembele fərqlənərək hesabı 3:0-a çatdırıb.
Mbappe mundiallardakı qollarının sayını 16-ya yüksəldərək Miroslav Kloze ilə eyni göstəriciyə çatıb. Hazırda bu siyahıda yalnız Lionel Messi ondan öndədir. Fransa ardıcıl ikinci qələbəsini qazanaraq vaxtından əvvəl pley-off mərhələsinə yüksəlib.
DÇ-2026. I qrupu, II tur.
Fransa – İraq – 3:0
Qollar: Mbappe, 14, 54, Dembele, 59




