Dünya boksunun əfsanəvi simalarından biri olan Floyd Mayweather Jr. yenidən qalmaqal mərkəzinə düşüb. Keçmiş dünya çempionu bu dəfə dəbdəbəli həyat tərzi ilə bağlı ödənilməmiş borclara görə məhkəmə iddiası ilə üzləşib.
Məlumata görə, ABŞ-da fəaliyyət göstərən Jet Set Aircraft şirkəti boksçuya qarşı Los-Anceles dairə məhkəməsində iddia qaldırıb. Şirkət Mayvezerin 2025-ci ilin sentyabrında Törks və Kaykos adalarına həyata keçirilən çarter uçuşunun haqqını ödəmədiyini bildirir. İddiada qeyd olunur ki, bu xidmət üçün ödənilməmiş məbləğ 105 min dollar təşkil edir.
Vergi borcu da gündəmdədir
Bu, Mayvezerin maliyyə problemləri ilə bağlı ilk hal deyil. Daha əvvəl ABŞ Vergi Xidməti – IRS tərəfindən də ona qarşı iddia qaldırıldığı açıqlanmışdı. Mövcud məlumatlara əsasən, boksçunun dövlətə olan ümumi vergi borcu 7,3 milyon dollar həcmində qiymətləndirilir.
Bu borcun 2018-ci ildən 2023-cü ilə qədər olan dövr ərzində toplandığı bildirilir. Ekspertlər qeyd edirlər ki, belə böyük məbləğdə vergi öhdəliklərinin yerinə yetirilməməsi hüquqi problemlərin daha da dərinləşməsinə səbəb ola bilər.
Mayvezer uzun illər ərzində qazandığı böyük gəlirlər və lüks həyat tərzi ilə tanınsa da, son xəbərlər onun maliyyə öhdəlikləri ilə bağlı çətinliklər yaşadığını göstərir. Hazırda həm aviasiya şirkəti, həm də vergi orqanları tərəfindən irəli sürülən iddiaların necə nəticələnəcəyi maraqla gözlənilir.



