2026-cı il dünya çempionatının 1/16 final mərhələsində daha üç maraqlı qarşılaşma baş tutub. Misir tarixində ilk dəfə mundialın pley-off mərhələsində qələbə qazanıb, Argentina əlavə vaxtda Kabo-Verdenin müqavimətini qırıb, Kolumbiya isə minimal hesabla Qananı mübarizədən kənarlaşdıraraq növbəti raunda yüksəlib.
Misir penaltilərdə Avstraliyanı mübarizədən kənarlaşdırdı
Arlinqtonda keçirilən qarşılaşmaya Misir daha fəal başladı və 13-cü dəqiqədə İmam Aşurun dəqiq zərbəsi ilə hesabı açdı. Fasilədən sonra Avstraliya standart vəziyyətdən sonra Məhəmməd Haninin avtoqolu sayəsində tarazlığı bərpa etdi.
Əsas vaxt və əlavə 30 dəqiqə ərzində qalib müəyyənləşmədiyindən qalib penaltilər seriyasında bəlli oldu. Misir futbolçuları bütün zərbələri dəqiq yerinə yetirdilər, Avstraliya isə iki cərimə zərbəsini boşa verdi. Bununla da “Fironlar” dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsini adlayaraq 1/8 finala yüksəldi.
Dünya çempionatı 2026, 1/16 final
Avstraliya – Misir – 1:1 (pen. 2:4)
Qollar: Məhəmməd Hani, 55 (avtoqol) – İmam Aşur, 13.
Argentina əlavə vaxtda Kabo-Verdeni məğlub etdi
Son dünya çempionu Argentina Kabo-Verde ilə gözlənildiyindən daha çətin sınaqdan keçdi. Lionel Messi 29-cu dəqiqədə hesabı açsa da, ikinci hissədə Deroy Duarte tarazlığı bərpa etdi və görüş əlavə vaxta uzandı.
Əlavə vaxtın əvvəlində Lisandro Martines argentinalıları yenidən önə çıxardı. Lakin Sidni Lopes Kabral yenidən bərabərlik qolunu vuraraq intriqanı qorudu. Qarşılaşmanın taleyi 111-ci dəqiqədə həll olundu. Messinin künc zərbəsindən sonra Kristian Romeronun başla vurduğu top müdafiəçi Diney Borqeşə toxunaraq qapıya daxil oldu və Argentina dramatik qələbə qazanaraq 1/8 finala yüksəldi.
Növbəti mərhələdə Argentina Misirlə qarşılaşacaq.
Dünya çempionatı 2026, 1/16 final
Argentina – Kabo-Verde – 3:2 (əlavə vaxt)
Qollar: Lionel Messi, 29; Lisandro Martines, 92; Diney Borqeş, 111 (avtoqol) – Deroy Duarte, 59; Sidni Lopes Kabral, 103.
Kolumbiyaya Ariasın qolu kifayət etdi
Kanzas-Sitidə keçirilən digər 1/16 final oyununda Kolumbiya Qananı minimal hesabla məğlub edib. Qarşılaşmanın yeganə qolunu 14-cü dəqiqədə Luis Suaresin ötürməsindən sonra Con Arias vurub.
Qalan dəqiqələrdə hesab dəyişməyib və Cənubi Amerika təmsilçisi mundialın 1/8 finalına vəsiqə qazanıb. Kolumbiyanın növbəti rəqibi İsveçrə millisi olacaq.
Dünya çempionatı 2026, 1/16 final
Kolumbiya – Qana – 1:0
Qol: Con Arias, 14.




