Formula 1-in Monako Qran-prisi son illərin ən hadisəli yarışlarından biri kimi yadda qaldı. Küçə trasında keçirilən mərhələdə həm pilotlar, həm komandalar ard-arda səhvlərlə üzləşdi. Bütün bu qarışıqlıq fonunda isə “Mercedes”in gənc sürücüsü Andrea Kimi Antonelli yenidən diqqət mərkəzinə düşərək mövsümdə növbəti qələbəsini qazandı.
İtaliyalı pilot ardıcıl beşinci yarışda komanda yoldaşı Corc Rasselli qabaqlamağı bacardı. Mövsümün əvvəlində “Mercedes”in əsas lideri kimi görünən britaniyalı sürücü Monakoda da çətinlik yaşadı. O, sıralama turunda yalnız altıncı nəticə göstərdi və yarışdan sonra bolidin Antonelliyə daha uyğun olduğunu etiraf etdi.
Antonelli çempion namizədi kimi görünür
Monako kimi mürəkkəb trasda Antonelli həm sıralama turunda, həm də yarışda yüksək səviyyəli performans nümayiş etdirdi. O, startı problemsiz aldı, restarları səhvsiz keçdi və rəqiblərinə imkan vermədən finiş xəttini birinci keçdi.
Mövsümün əvvəlində startlarla bağlı problemlər yaşayan gənc sürücü artıq bu çatışmazlığı da aradan qaldırmış kimi görünür. Onun soyuqqanlılığı və sabit nəticələri bir çox mütəxəssis tərəfindən Maks Ferstappenin ilk illəri ilə müqayisə edilir.
Çempionatın ümumi sıralamasında Antonelli artıq Rasselli 68 xal qabaqlayır. Son iki yarışda italiyalı rəqibinə qarşı 50 xal üstünlük əldə edib.
Ferrari fürsəti əldən verdi
Ferrari Monakoya böyük ümidlərlə gəlmişdi. Komanda sərbəst yürüşlərdə sürətli təsir bağışlasa da, nə sıralama turunda, nə də yarışda qələbə uğrunda mübarizə apara bildi.
Lyuis Hemilton ikinci yeri tutsa da, əsas diqqət Şarl Leklerin çıxışına yönəlmişdi. Ev trasında yarışan monakolu pilot yeni müqavilədən sonra qələbə qazanmağa çalışsa da, sıralama turunu dördüncü yerdə tamamladı. Yarış zamanı isə restarta yaxın buraxdığı səhv podium şansını əldən alıb.
Monako mərhələsi həm də çoxsaylı texniki problemlərlə yadda qaldı. Lando Norris, Maks Ferstappen və İsak Hacarın bolidlərində mühərrik problemləri yaşandı. Ferstappen ümumiyyətlə start ala bilmədi, Norris yarışı yarımçıq dayandırdı.
Bundan əlavə, pit-leyn sürət həddinin aşılması ilə bağlı çoxsaylı cəzalar tətbiq olundu. Corc Rassell, Lyuis Hemilton, Oskar Piastri, Pyer Qasli və Franko Kolapinto qayda pozuntusuna görə cərimələndilər.
Yarışın digər sürprizi isə “Racing Bulls” komandası oldu. Doğru strategiya sayəsində Liam Louson beşinci, Arvid Lindblad isə altıncı yeri tutaraq karyeralarının ən yaxşı Formula 1 nəticələrini əldə etdilər.
Hazırda pilotlar sıralamasında Antonelli liderliyini möhkəmləndirib. Ferrari sürücüsü Lyuis Hemilton ikinci pilləyə yüksəlsə də, onun liderdən geri qalması artıq 66 xal təşkil edir.




