Joze Mourinyonun adı yenidən Madrid “Real”ı ilə hallanmağa başlayıb. İspaniya və İtaliya mediasında yayılan məlumata görə, portuqaliyalı mütəxəssis artıq “İnter”in aparıcı müdafiəçilərindən olan Alessandro Bastoni ilə şəxsi danışıq aparıb və futbolçunu mümkün transfer layihəsinə razı sala bilib.
İddialara əsasən, Mourinyo gələcək planlarında Bastonini müdafiə xəttinin əsas fiquru kimi görür. Təcrübəli çalışdırıcının italiyalı stopperə təqdim etdiyi layihənin futbolçuda müsbət təəssürat yaratdığı bildirilir.
Məlumata görə, tərəflər arasında rəsmi transfer müzakirələri “Real Madrid”də prezident seçkiləri yekunlaşdıqdan sonra sürətlənəcək. Klub daxilində baş verəcək mümkün struktur dəyişikliklərindən sonra transfer prosesinin aktiv mərhələyə keçəcəyi gözlənilir.
Alessandro Bastoni son illərdə “İnter”in həm A Seriyasında, həm də avrokuboklarda ən sabit oyunçularından biri hesab olunur. 27 yaşlı müdafiəçi topa nəzarət bacarığı, uzun ötürmələri və oyun quruculuğundakı rolu ilə Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.




