NBA-də 2025/26 mövsümünün müntəzəm çempionatı başa çatıb və bununla da pley-off mərhələsinin tam cədvəli formalaşıb. Aprelin 13-də keçirilən son oyun günündə 15 qarşılaşma baş tutub və bütün suallara aydınlıq gəlib.
Mövsümün yekunu ilə həm Şərq, həm də Qərb konfranslarında bəzi cütlüklər artıq dəqiqləşib, digər komandalar isə pley-in mərhələsinin nəticələrini gözləyir. Qarşıdakı günlərdə keçiriləcək bu oyunlar pley-offa son vəsiqə qazanan kollektivləri müəyyən edəcək.
Şərq və Qərbdə vəziyyət
Şərq konfransında “Detroyt” və “Boston” ilk raunddakı rəqiblərini hələ bilmir. Bu komandaların rəqibləri pley-in oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələdə “Şarlott”, “Mayami”, “Filadelfiya” və “Orlando” mübarizə aparacaq.
Qərb konfransında da oxşar vəziyyət hökm sürür. “Oklaxoma” və “San-Antonio” hələlik rəqiblərini gözləyir. Bu yerlər uğrunda “Klipperlər”, “Qolden Steyt”, “Finiks” və “Portlend” komandaları yarışır.
Artıq dəqiqləşən bəzi pley-off cütlükləri isə belədir:
Şərq konfransı:
- “Klivlend” – “Toronto”
- “Nyu-York” – “Atlanta”
Qərb konfransı:
- “Leykers” – “Hyuston”
- “Denver” – “Minnesota”
Pley-in mərhələsi aprelin 14-dən 17-dək keçiriləcək. İlk olaraq konfranslarda 7-ci və 8-ci yerləri tutmuş komandalar üz-üzə gələcək. Bu qarşılaşmanın qalibi birbaşa 7-ci yerin sahibi kimi pley-offa yüksələcək. Məğlub tərəf isə 9-cu və 10-cu yerlərin qalibi ilə son şans oyununa çıxacaq. Artıq 18 apreldən etibarən isə əsas pley-off mərhələsi start götürəcək və komandalar çempionluq uğrunda mübarizəyə başlayacaq.



