ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino 2026-cı il dünya çempionatından sonra yenidən klub futboluna qayıtmağa hazırlaşır. Təcrübəli argentinalı mütəxəssisin İtaliya nəhəngi “Milan” ilə ilkin razılıq əldə etdiyi bildirilir.
Tutto Mercato-nun məlumatına görə, “rossoneri” rəhbərliyi yeni baş məşqçi axtarışlarını mövsüm başa çatan kimi sürətləndirib. Milan təmsilçisi əvvəlcə ispaniyalı çalışdırıcı Andoni İraolanı komandaya gətirmək istəyirdi. Lakin o, sonda İngiltərənin “Kristal Pelas” klubunda qalmağa qərar verib.
Bundan sonra İtaliya klubunun əsas hədəfi Maurisio Poçettino olub. “Tottenhem”, PSJ və “Çelsi”də çalışmış məşqçinin təklifi qəbul etdiyi vurğulanır.
ABŞ millisi onu mundialdan əvvəl buraxmaq istəmədi
54 yaşlı mütəxəssis 2024-cü ildən ABŞ millisini çalışdırır və komandanı evdə keçiriləcək dünya çempionatına hazırlayır. “Milan” rəhbərliyi Poçettinonun iyun ayında komandanın başına keçməsini istəsə də, ABŞ Futbol Federasiyası buna razılıq verməyib.
Məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, argentinalı məşqçi məhz DÇ-2026 başa çatdıqdan sonra İtaliya klubuna qoşulacaq.
“Milan” yeni layihəyə başlayır
“Milan” cari mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib və klub rəhbərliyi heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır. Yay transfer dönəmində bir neçə ulduz futbolçunun komandaya cəlb olunacağı gözlənilir.
Poçettinonun isə yaranmış çətin vəziyyətdən çəkinmədiyi və “Milan”ı yenidən Avropanın aparıcı komandalarından birinə çevirmək layihəsinə müsbət yanaşdığı bildirilir.
Argentinalı məşqçi daha əvvəl “Tottenhem”lə Çempionlar Liqasının finalına yüksəlməsi ilə böyük diqqət çəkmişdi.




