Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün başlamasına sayılı həftələr qalsa da, bütün klublar ev oyunlarını keçirəcəkləri stadion məsələsini tam həll edə bilməyiblər.
Peşəkar Futbol Liqasının (PFL) açıqladığı məlumata görə, əksər komandalar əsas arenalarını müəyyənləşdiriblər, bəzi klublar isə ehtiyat stadion da sifariş ediblər. Yalnız “Araz-Naxçıvan” hələ ki, ev oyunlarını qəbul edəcəyi stadionla bağlı yekun qərar verməyib.
Yeni mövsümdən etibarən stadionlarla bağlı daha sərt tələblər də tətbiq olunacaq. PFL-in texniki-idman direktoru Elgiz Abbasovun sözlərinə görə, süni işıqlandırma sistemi olmayan stadionlarda çempionatın ilk dövrəsində ev oyunlarının keçirilməsinə icazə verilməyəcək.
Bununla belə, mövsüm ərzində komandaların ev və səfər oyunlarının ümumi sayı dəyişməyəcək, yaranacaq balans ikinci dövrədə bərpa olunacaq. Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.
Üç klub iki stadion sifariş edib
Elgiz Abbasov bildirib ki, maliyyə və infrastruktur imkanları olan klublar əvvəlcədən ehtiyat stadion da müəyyənləşdirirlər. Əgər hansısa komanda mövsüm ərzində əsas arenasından istifadə edə bilməsə, PFL-in tələblərinə cavab verən başqa stadionda ev oyunlarını keçirmək imkanı olacaq.
Hazırda “Qarabağ”, “Sabah” və “Sumqayıt” iki stadion göstərən yeganə klublardır.
Klubların PFL-ə təqdim etdiyi stadionlar bunlardır:
- “Sabah” – “Bank Respublika Arena” və “Liv Bona Dea Arena”
- “Qarabağ” – Tofiq Bəhramov adına Respublika Stadionu və “Azərsun Arena”
- “Turan Tovuz” – Tovuz şəhər stadionu
- “Neftçi” – “Palms Sports Arena”
- “Zirə” – Zirə İdman Kompleksinin stadionu
- “Sumqayıt” – Mehdi Hüseynzadə adına şəhər stadionu və “SOCAR Polymer Arena”
- “Şamaxı” – Şamaxı şəhər stadionu
- “İmişli” – Yevlax şəhər stadionu
- “Kəpəz” – Gəncə şəhər stadionu
- “Qəbələ” – Qəbələ şəhər stadionu
“Araz-Naxçıvan” hələ seçim etməyib
PFL rəsmisinin sözlərinə görə, yalnız “Araz-Naxçıvan” ev oyunlarını keçirəcəyi stadionu hələ rəsmiləşdirməyib.
“Klub rəhbərliyi ilə əlaqə saxlayırıq. Onlar ev oyunları üçün uyğun stadion axtarışını davam etdirirlər. Düşünürük ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq”, – deyə Elgiz Abbasov bildirib.
Yeni mövsümdə tətbiq olunacaq stadion tələbləri klubların infrastrukturunun daha da təkmilləşdirilməsinə hesablanıb. Xüsusilə işıqlandırma sistemi ilə bağlı yeni qaydaların gələcək illərdə bütün arenalarda beynəlxalq standartların təmin olunmasına təkan verəcəyi gözlənilir.




