İngiltərə Premyer Liqasının hakimlik qurumu Pro Ref “Mançester Yunayted” – “Mançester Siti” derbisində Erlinq Holandın həlledici qolunun qeydə alınması zamanı səhvə yol verildiyini etiraf edib.
“Old Trafford”da keçirilən qarşılaşma “Mançester Siti”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün yeganə qolunu 60-cı dəqiqədə Holand vurub. Epizod əvvəlcə ofsayd səbəbindən qeydə alınmasa da, VAR yoxlamasından sonra qərar dəyişdirilib.
Təkrarlar Holandın Patrik Dorqunun mövqeyi sayəsində ofsaydda olmadığını göstərib. Lakin mübahisə eyni epizodda ofsayd vəziyyətində olan “Siti”nin futbolçusu Enzo Fernandeslə bağlı yaranıb.
VAR Enzo Fernandesin epizoda təsirini düzgün qiymətləndirməyib
Enzo Fernandes Joşko Qvardiolun ötürməsinə başla toxunmağa çalışsa da, topa çata bilməyib. Buna baxmayaraq, onun hərəkəti “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinesin mövqeyinə və epizoddakı davranışına təsir edib.
Pro Ref bildirib ki, Fernandes topa toxunmadığı üçün mümkün ofsayd pozuntusunun qiymətləndirilməsi subyektiv xarakter daşıyıb. Lakin VAR argentinalı futbolçunun mövqeyinin epizoda mümkün təsirini nəzərə almayıb.
Hakimlik qurumunun qənaətinə görə, VAR baş hakim Maykl Oliverə epizodu meydança kənarındakı monitorda şəxsən izləməyi tövsiyə etməli idi. Pro Ref bu qərarı “qiymətləndirmə səhvi” adlandırıb və epizodun ayrıca araşdırılacağını açıqlayıb.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik matçdan sonra VAR qərarını sərt tənqid etmişdi. Mütəxəssis Fernandesin qapıya yaxın məsafədən topa oynamağa cəhd etdiyi halda epizoda təsir etmədiyi qənaətini başa düşmədiyini bildirib. Pro Ref elə həmin axşam “Mançester Yunayted”lə əlaqə saxlayaraq səhvi etiraf edib.
Qeyd edək ki, “Mançester Siti” matçın 23-cü dəqiqəsindən etibarən azlıqda oynayıb. Fil Foden Bruno Fernandeşə qarşı hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb. Buna baxmayaraq, “Siti” Holandın mübahisəli qolu sayəsində derbidən 1:0 hesablı qələbə ilə ayrılıb.





