“Ferrari” Azərbaycan Qran-prisi ərəfəsində Şarl Leklerin bolidində əlavə güc qurğusunun istifadəyə verilməsini nəzərdən keçirir. Belə qərar qəbul olunarsa, monakolu pilot Bakıda start düzülüşündə yer itirməklə cəzalandırıla bilər.
Məsələ Leklerin İtaliya Qran-prisində keçirdiyi ağır qəzadan sonra aktuallaşıb. Monzada “Parabolika” döngəsində 230 km/saatdan yüksək sürətlə idarəetməni itirən pilot baryerlərə çırpılıb. Zərbə zamanı yüklənmənin 50G-ni keçməsinə baxmayaraq, “Ferrari” ilkin yoxlamalarda ADUO 2 güc qurğusunda ciddi zədə aşkarlamayıb.
Bununla belə, komanda risk etməyərək həmin mühərriki Madrid mərhələsində istifadə etməyib. Lekler İspaniya Qran-prisində əvvəlki ADUO 1 versiyasına qayıdıb və yarışı dördüncü pillədə başa vurub.
“Ferrari” Bakıda yeni mühərrikdən istifadə edə bilər
Monzada debüt edən ADUO 2 “Ferrari”nin 2026-cı il mövsümündə güc qurğusu üçün hazırladığı ikinci təkmilləşdirmə paketidir. Leklerin qəzasından sonra mühərrikin vəziyyəti əlavə yoxlamalara cəlb olunub.
Komandanın qarşısında variantlardan biri mövsümün qalan hissəsi üçün ehtiyat yaratmaq məqsədilə Leklerin bolidinə əlavə ADUO 2 güc qurğusunun quraşdırılmasıdır. Bu halda mövsüm ərzində icazə verilən mühərrik limitinin aşılması pilotun start mövqeyinə görə cərimələnməsi ilə nəticələnə bilər.
Bakının uzun düzlükləri və ötmə imkanları nəzərə alınaraq, “Ferrari” belə cəriməni məhz Azərbaycan Qran-prisində qəbul etməyi mümkün variantlardan biri hesab edir.
Vasser Bakını uyğun variant sayır
“Ferrari”nin rəhbəri Frederik Vasser komandanın yekun qərarı hələ vermədiyini bildirib.
“Şarl üçün mühərrik dəyişikliyinə görə cəriməni nə vaxt alacağımıza baxacağıq. Amma düşünürəm ki, Bakı bizim üçün kifayət qədər uyğun yer olmalıdır”, – deyə Vasser bildirib.
Azərbaycan Qran-prisi mövsümün növbəti mərhələsi olacaq. Lekler Bakı Şəhər Halqasında əvvəlki illərdə xüsusilə sıralanma turlarında güclü nəticələri ilə seçilib. Buna görə mümkün mühərrik dəyişikliyi və start cəriməsi “Ferrari”nin yarış həftəsonu strategiyasında əsas qərarlardan birinə çevrilə bilər.





