Peşəkar boks dünyasında sürpriz qərar verilib. Üç çəki dərəcəsində sabiq dünya çempionu Vasyl Lomachenko karyerasını başa vurduğunu açıqladıqdan qısa müddət sonra yenidən rinqə dönmək niyyətindədir.
38 yaşlı ukraynalı idmançı cəmi bir neçə ay əvvəl – iyun ayında peşəkar boksa vida etdiyini bildirmişdi. Maraqlıdır ki, o, karyerasını bitirdiyi anda yüngül çəkidə IBF versiyası üzrə dünya çempionu statusunu qoruyurdu. Bu qərar azarkeşlər və ekspertlər üçün gözlənilməz olmuşdu.
Payızda böyük dönüş planı
Son məlumatlara görə, Lomaçenko artıq geri dönüş üçün hazırlıqlara başlayıb və payız aylarında rinqə çıxmağı planlaşdırır. İddialara əsasən, bu qərar onun uzunmüddətli əməkdaşlıq etdiyi Top Rank ilə müqaviləsinin başa çatmasından sonra aktuallaşıb. Şirkətin rəhbəri Bob Arum ilə yolların ayrılması boksçunun gələcək planlarını dəyişib.
Məlumatlarda bildirilir ki, ukraynalı idmançı geri dönüşündə zəif və ya reytinq xarakterli döyüşlərə çıxmağı düşünmür. Onun əsas məqsədi birbaşa yüksək səviyyəli rəqiblərlə qarşılaşmaqdır. Bu da o deməkdir ki, Lomaçenko qayıdışını böyük və səs-küylü döyüşlərlə etməyə hazırlaşır.
Qeyd edək ki, Lomaçenko peşəkar karyerası ərzində yüksək texniki bacarığı və sürəti ilə seçilib, müxtəlif çəkilərdə çempionluq titulları qazanaraq müasir boksun ən parlaq simalarından birinə çevrilib. Onun mümkün geri dönüşü boks ictimaiyyətində artıq böyük maraq və müzakirə doğurub.



