Bakıda keçirilən UFC Fight Night turniri həm tamaşaçı marağı, həm də idman baxımından gözləntiləri doğruldub. Milli Gimnastika Arenasında təşkil olunan tədbirə ümumilikdə 11 min bilet satılıb, onların təxminən 40 faizi xarici ölkələrdən gələn azarkeşlər tərəfindən alınıb. Turnirə dünyanın 72 ölkəsindən MMA həvəskarları qatılıb ki, bu da yarışın beynəlxalq miqyasını bir daha nümayiş etdirib. Məlumat Baku City Circuit Operating Company tərəfindən açıqlanıb.
Bakı UFC təqvimində mövqeyini gücləndirir
Təşkilatçılar bildiriblər ki, builki yarışa maraq ötən illə müqayisədə daha yüksək olub və biletlər rekord qısa müddətdə tükənib. Turnir çərçivəsində ümumilikdə 13 döyüş keçirilib, onların 9-u vaxtından əvvəl başa çatıb. Parlaq nokautlar, uğurlu sabmişn cəhdləri və yüksək temp UFC Fight Night Bakı turnirini ilin ən yaddaqalan tədbirlərindən birinə çevirib.
Yarış Azərbaycan MMA-sı üçün də tarixi hadisə olub. İlk dəfə olaraq dörd azərbaycanlı döyüşçü eyni UFC turnirində oktaqona çıxıb. Onlardan üçü qələbə qazanıb. Hazırda UFC-də beş azərbaycanlı idmançı çıxış edir və Bakıda keçirilən turnirlərin yeni döyüşçülərin təşkilata cəlb olunmasına mühüm töhfə verdiyi vurğulanır.
Ardıcıl ikinci dəfə UFC Fight Night-a ev sahibliyi edən Bakı artıq London və Paris kimi şəhərlərlə birlikdə təşkilatın Avropa təqvimində önəmli məkanlardan biri hesab olunur. Azərbaycan eyni zamanda MDB, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir.
UFC hazırda Asiyada yalnız Çin, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Azərbaycanda tədbirlər təşkil edir. Bundan əlavə, UFC ilə Baku City Circuit arasında imzalanmış çoxillik əməkdaşlıq müqaviləsinə əsasən, Bakıda UFC Fight Night turnirləri ən azı 2028-ci ilədək hər il keçiriləcək.
27 iyunda keçirilən UFC Fight Night Bakı turnirində azərbaycanlı döyüşçülərin nəticələri:
- Tahir Abdullayev – Jefferson Nasimento (Braziliya) üzərində qələbə
- Fərman Həsənov – Erik Nolanı (ABŞ) məğlub etdi
- Nazim Sadıxov – Mateus Kamilo (Braziliya) ilə döyüşdə məğlub oldu
- Rafael Fiziyev – əsas görüşdə Manuel Torresi (Meksika) məğlub etdi




