Dünya çempionu Oleksandr Usyk qarşıdakı döyüşü ilə bağlı diqqətçəkən açıqlama verib. WBC, WBA və IBF kəmərlərinin sahibi olan ukraynalı boksçu kikboks üzrə məşhur idmançı Rico Verhoeven ilə keçiriləcək qarşılaşmaya niyə razılaşdığını izah edib.
Usik bildirib ki, bu döyüş ideyası təşkilatçı Turki Al-Sheikh tərəfindən irəli sürülüb və o, təklifi maraqlı hesab edərək qəbul edib. Onun sözlərinə görə, bu qarşılaşma yalnız idman baxımından deyil, həm də böyük tamaşa baxımından əhəmiyyətli olacaq.
Rico Verhoeven kikboksinq dünyasının ən güclü ağır çəkilərindən biri hesab olunur. Niderlandlı döyüşçü uzun illərdir GLORY təşkilatında çempionluğunu qoruyur və dominant çıxışları ilə tanınır.
Usik gələcək döyüş barədə danışarkən bildirib:
“Bu təklif mənə təqdim olunanda dedilər ki, kikboksinqdə mütləq çempion olan bir rəqib var və sən də boksda mütləqsən. Misir piramidaları fonunda döyüş keçirmək ideyası səsləndi. Mən də düşündüm ki, bu, əla fikirdir və möhtəşəm şou alınacaq”.
O, rəqibini yaxşı tanıdığını da vurğulayıb:
“Riko kikboksçudur, amma mən onun döyüşlərini izləmişəm. Əvvəllər K-1 turnirləri çox populyar idi və mən həmin döyüşləri izləyirdim. Onun boks qarşılaşmasına da baxmışam”.
Boksçu əlavə edib ki, bu döyüş onun üçün sadə sınaq olmayacaq:
“Bu, mənim üçün yeni bir şey deyil, çünki döyüş boks qaydaları ilə keçiriləcək. Amma Riko güclü və təhlükəli rəqibdir. Bu, zarafat deyil. Mən bu görüşə çox ciddi hazırlaşıram”.
Qeyd edək ki, Usiklə Verhoeven arasında gözlənilən qarşılaşma 23 may tarixində Misirin Giza şəhərində, piramidalar yaxınlığında təşkil olunacaq. Bu döyüş artıq idman dünyasında böyük maraq doğurub və ilin ən diqqətçəkən hadisələrindən biri kimi qiymətləndirilir.



