2026-cı il dünya çempionatında növbəti oyun günü həm L, həm də K qruplarında mühüm nəticələrlə yadda qalıb. Xorvatiya Panama səddini böyük çətinliklə keçib, Kolumbiya isə minimum hesablı qələbə ilə növbəti mərhələyə yüksəlməyi təmin edib.
Xorvatiyanı Livakoviç və Budimir xilas etdi
L qrupunda Panama ilə qarşılaşan Xorvatiya 1:0 hesablı qələbə qazansa da, oyun komandanın gözlədiyindən xeyli çətin keçib. İlk hissədə təşəbbüs daha çox Panama millisinin tərəfində olub. Mərkəzi amerikalılar bir neçə təhlükəli epizod yaratsalar da, qapıçı Dominik Livakoviç komandasını oyunda saxlayıb.
Fasilədən sonra Zlatko Daliçin etdiyi dəyişikliklər nəticə verib. Meydana sonradan daxil olan Ante Budimir 54-cü dəqiqədə hesabı açaraq görüşün taleyini həll edib. Sonrakı dəqiqələrdə Panama bərabərlik qolu üçün təzyiq göstərsə də, Xorvatiya minimal üstünlüyünü qorumağı bacarıb və vacib üç xal əldə edib.
DÇ-2026, L qrupu – II tur
Panama – Xorvatiya 0:1
Qol: Budimir, 54
Kolumbiya liderliyini qorudu
K qrupunda keçirilən digər görüşdə Kolumbiya və Konqo Demokratik Respublikası milliləri qarşılaşıblar. Zapopandakı oyunda cəmi bir qol vurulsa da, meydanda kifayət qədər hadisə yaşanıb.
Kolumbiyalılar matç boyu hücumda üstün görünərək rəqib qapısına ümumilikdə 28 zərbə endiriblər. Bununla yanaşı, komandanın üç qolu hakim tərəfindən qeydə alınmayıb. Daniel Munyosun bir, Luis Diasın isə iki dəfə fərqlənməsi müxtəlif səbəblərdən ləğv edilib.
Buna baxmayaraq, Munyos 76-cı dəqiqədə vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandırıb. Bu nəticə sayəsində Kolumbiya aktivindəki xalları 6-ya çatdıraraq K qrupunda liderliyini möhkəmləndirib və vaxtından əvvəl pley-off mərhələsinə yüksəlib. Konqo DR isə bir xalla üçüncü pillədə qalıb.
DÇ-2026, K qrupu – II tur
Kolumbiya – Konqo DR 1:0
Qol: Munyos, 76
Son tur öncəsi Kolumbiya ilə Portuqaliya qrup liderliyi uğrunda mübarizə aparacaq. Konqo DR və Özbəkistan isə turnirdə daha yüksək mövqe tutmaq üçün üz-üzə gələcəklər.




