“Formula-1” və Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il üzrə dünya çempionatının təqvimini təsdiqləyib. Yeni mövsümdə Azərbaycan Qran-prisinin keçiriləcəyi tarix də müəyyənləşib.
Bakı Şəhər Halqasında yarış həftəsonu sentyabrın 24-dən 26-dək davam edəcək. Beləliklə, Azərbaycan növbəti mövsümdə də dünyanın ən nüfuzlu avtomobil yarışlarından birinə ev sahibliyi edəcək.
Bakı küçələrində qurulan trasın uzunluğu 6,003 kilometrdir. Şəhər halqası uzun düzlükləri, dar tarixi hissəsi və yüksək sürət imkanları ilə “Formula-1” təqvimində özünəməxsus traslardan biri hesab olunur.
2027-ci il mövsümündə 24 Qran-pri keçiriləcək
Yeni mövsüm martın 12–14-də Bəhreyndə start götürəcək. Çempionatın son yarışı isə dekabrın 10–12-də Əbu-Dabidəki “Yas Marina” trasında keçiriləcək.
2027-ci il dünya çempionatı 22 ölkədə təşkil ediləcək 24 mərhələdən ibarət olacaq. Təqvimin əsas yeniliklərindən biri Türkiyə və Portuqaliyanın “Formula-1”ə qayıtmasıdır. Türkiyə Qran-prisi 2027-ci ildən etibarən beşillik müqavilə əsasında yenidən İstanbul Park trasında keçiriləcək.
Sprint yarışlarının sayı da artırılacaq. 2026-cı ildə altı sprint həftəsonu nəzərdə tutulduğu halda, 2027-ci ildə onların sayı 10-a çatdırılacaq.
Mövsümöncəsi testlər Bəhreyndə başlayacaq
Komandaların 2027-ci il mövsümünə hazırlığı çərçivəsində ilk rəsmi mövsümöncəsi testlərin fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında keçirilməsi planlaşdırılır.
“Formula-1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikali yeni təqvimlə bağlı bildirib:
“2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək “Formula-1”in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır. Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə “Formula-1”i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir”.
Azərbaycan “Formula-1” yarışlarını 2016-cı ildən qəbul edir. İlk yarış Avropa Qran-prisi adı altında keçirilib, 2017-ci ildən isə Bakı mərhələsi Azərbaycan Qran-prisi adlanır.





