“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə keçirəcəyi cavab görüşü öncəsi bilet satışı ilə bağlı vacib məlumat açıqlanıb. Stadionun kassalarında biletlərin satışı qarşılaşmanın başlanmasına bir saat qalmış dayandırılacaq.
Ağdam klubunun açıqlamasına əsasən, bu qərar oyunöncəsi təşkilati proseslərin vaxtında tamamlanması, eyni zamanda azarkeşlərin stadiona daha rahat və təhlükəsiz daxil olmasının təmin edilməsi məqsədilə verilib.
Klub azarkeşlərə əvvəlcədən müraciət edib
“Qarabağ” tərəfdarlarından biletləri son ana saxlamamağı və qarşılaşmadan əvvəl əldə etməyi xahiş edib. Matç saat 20:00-da başlayacağından stadion kassalarında satışın 19:00-da dayandırılması nəzərdə tutulur.
Görüş üçün biletlərin qiyməti sektordan asılı olaraq 5 manatdan 150 manatadək dəyişir. Elektron biletlər QR formatında təqdim olunur və bir nəfər maksimum beş bilet əldə edə bilər. QR-biletlər yalnız matç günü aktivləşəcək.
“Qarabağ” – “Tvente” cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. İlk görüş avqustun 20-də Enshededə baş tutub və Azərbaycan çempionu 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.





