Minifutbol üzrə EMF Çempionlar Liqasının 2026-cı il mövsümündə Azərbaycanı təmsil edəcək komandaların qrup mərhələsindəki rəqibləri bəlli olub. Turnirdə ölkəmizi “Birbaşa Bakı”, “Aznur” və “Zirə” klubları təmsil edəcək.
Avropanın aparıcı minifutbol klublarını bir araya gətirəcək yarış sentyabrın 23-dən 26-dək İspaniyanın Kambrils şəhərində keçiriləcək. Ümumilikdə 32 klub Çempionlar Liqasının qalibi olmaq uğrunda mübarizə aparacaq.
“Birbaşa Bakı” E qrupunda Slovakiya, Macarıstan və İngiltərə təmsilçiləri ilə qarşılaşacaq. “Aznur” F qrupunda, “Zirə” isə G qrupunda mübarizə aparacaq.
- E qrupu: “Birbaşa Bakı” (Azərbaycan), “Real Çoholiks” (Slovakiya), “Çikaqo Bandur” (Macarıstan), “Ardeleni” (İngiltərə)
- F qrupu: “Aznur” (Azərbaycan), “The Private Rooftop” (Macarıstan), “Sokil” (Polşa), “Bukovina Badeuti” (İngiltərə)
- G qrupu: “Zirə” (Azərbaycan), “Qrupo Roxu” (İspaniya), “Hanspaulka” (Çexiya), “Krayina” (Bosniya və Herseqovina)
Beləliklə, Azərbaycanın hər üç təmsilçisi qrup mərhələsində üç oyun keçirərək turnirin növbəti mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.
Azərbaycan klublarının bu turnirdə uğurlu çıxış təcrübəsi var. “Birbaşa Bakı” 2024-cü ildə EMF Çempionlar Liqasının qalibi olub. Bakı təmsilçisi həmin turnirin finalında Çexiyanın BKMK klubunu 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropanın əsas klub kubokunu qazanıb.
Həmin mövsümdə “Aznur” da Çempionlar Liqasında iştirak edib və 1/8 finala qədər irəliləyib. Komanda məhz “Birbaşa Bakı” ilə Azərbaycan derbisində 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.





