Stefen Karri karyerasını nə vaxt bitirəcəyindən danışdı

“Qolden Steyt Uorriorz”un lideri və oyunqurucusu Stefen Karri peşəkar basketboldakı gələcəyi və karyerasının nə qədər davam edə biləcəyi barədə danışıb. 38 yaşlı basketbolçu qarşıda karyerasının əvvəlki dövrü ilə müqayisədə daha az vaxtının qaldığını anladığını, buna baxmayaraq meydanda hələ reallaşdırmaq istədiyi çoxlu məqsədlərinin olduğunu bildirib.

Karri bu fikirləri CNBC Television-un YouTube kanalına verdiyi müsahibədə səsləndirib. O, basketbola sevgisinin dəyişmədiyini və yüksək səviyyədə mübarizə aparmaq gücündə olduğuna inandığını vurğulayıb.

“Başa düşürəm ki, qarşıda arxada qalanlardan daha az günüm var. Amma bunda pis heç nə yoxdur. Meydanda hələ çox şey etmək istəyirəm. Mən bu oyunu hələ də sevirəm və yüksək səviyyədə oynaya biləcəyimə inanıram.

Hazırda fikrim qarşıdakı iki ili maksimum dəyərləndirməkdir. Bundan sonra isə bu yolun məni hara aparacağını görəcəyik”, – deyə Karri bildirib.

Karri bütün NBA karyerasını bir klubda keçirib

Stefen Karri 2009-cu il NBA draftında “Qolden Steyt Uorriorz” tərəfindən 7-ci seçimlə heyətə cəlb olunub və peşəkar liqadakı bütün karyerası ərzində yalnız bu komandanın formasını geyinib. O, bu müddətdə klubun əsas simalarından birinə çevrilərək “Uorriorz”la dörd dəfə NBA çempionluğu qazanıb.

Karri həmçinin iki dəfə NBA-nin ən dəyərli oyunçusu – MVP seçilib. 2015/16 mövsümündə isə o, NBA tarixində MVP mükafatını yekdilliklə qazanan ilk basketbolçu olub.

38 yaşlı oyunçu əvvəlki açıqlamalarında da karyerasını “Qolden Steyt”də başa vurmaq istədiyini gizlətməyib. Bununla belə, son müsahibəsində konkret vida tarixi açıqlamayıb və əsas diqqətini qarşıdakı iki ilə yönəltdiyini bildirib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni