“Los-Anceles Leykers”in ulduz basketbolçusu Luka Donçiç yeni mövsüm ərəfəsində əsas hədəfinin NBA çempionluğu olduğunu açıqlayıb. Sloveniyalı müdafiəçi Los-Anceles klubunun heyətində titul qazanana qədər dayanmaq niyyətində olmadığını bildirib.
Donçiç “Leykers”ə keçidinin özü üçün gözlənilməz olduğunu etiraf etsə də, artıq bütün diqqətini komandanın qarşısındakı ən böyük məqsədə yönəltdiyini vurğulayıb.
Donçiç: “Hər şeyi qazanmaq istəyirəm”
“Mən artıq ‘Leykerəm’. Nə vaxtsa özümü burada, bənövşəyi və qızılı rənglərdə təsəvvür etdiyimə əmin deyiləm. Bu, gözəl sürprizdir və hisslər inanılmazdır. İndi mən də bütün ‘Leykers’in istədiyini istəyirəm – hər şeyi qazanmaq.
Biz daha çox çempionluq qazanana qədər dayanmayacağam… Əvvəllər əsasən oyunumun mənim əvəzimə danışmasına imkan verirdim. Amma ‘Leykers’ azarkeşlərinin bilməsini istəyirəm ki, hazıram, həyəcanlıyam və nəticə qazanmağa can atıram. Mən tam hazıram. Bu şəhər qalib gəlməyə, həm də böyük qələbələrə öyrəşib. İndi öz çempionluq səhifələrimi yazmaq imkanına sahib olduğum üçün böyük şərəf və minnətdarlıq hiss edirəm”, – Donçiç bildirib.
Ötən müntəzəm mövsümdə sloveniyalı basketbolçu 64 oyunda orta hesabla 33,5 xal, 8,3 məhsuldar ötürmə və 7,7 ribaund toplayıb. 33,5 xallıq göstərici liqada ən yüksək nəticə olub və Donçiç karyerasında altıncı dəfə All-NBA-nın birinci komandasına seçilib.
Zədə mövsümün sonunu yarımçıq qoymuşdu
Donçiç üçün mövsüm aprelin 2-də “Oklahoma-Siti Tander”lə qarşılaşmada aldığı sol budun arxa əzələsinin dartılması səbəbindən vaxtından əvvəl başa çatıb. Zədə üzündən o, müntəzəm çempionatın son hissəsini və pley-off mərhələsini buraxıb.
“Leykers” onsuz pley-offda ikinci raunda qədər irəliləsə də, burada “Oklahoma-Siti”yə seriyada 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Yeni mövsüm öncəsi Donçiçin əsas məqsədi artıq aydındır: “Leykers”lə NBA çempionluğunu qazanmaq və klubun titul kolleksiyasına yenisini əlavə etmək.





