IX turun “Kəpəz” – “Neftçi” oyunu Misli Premyer Liqasında mövsümün ən məhsuldar matçı kimi yadda qalıb.
Sport-az.com-ın məlumatına görə, meydan sahibləri “Kəpəz”in 4:3 hesablı qələbəsi ilə yekunlaşan görüşdə ümumilikdə 7 qol vurulub. Bundan əvvəlki ən məhsuldar matç VII turda keçirilən “Səbail” – “Sabah” qarşılaşması olub və həmin oyunda 6 qol qeydə alınmışdı. “Sabah” komandası bu oyunda 4:2 hesabı ilə qalib gəlmişdi.
Bu məğlubiyyətlə “Neftçi”nin Premyer Liqada qələbəsizlik seriyası 10 oyuna çatıb. Ötən mövsümün son turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olan “ağ-qaralar” cari çempionatda keçirdikləri 9 oyunda 5 heç-heçə edib, 4 dəfə də məğlubiyyət yaşayıb. Bu uğursuz seriya Bakı klubunun tarixinə antirekord kimi düşüb.
Sonuncu dəfə “Neftçi” mayın 18-də “Səbail” üzərində 3:0 hesabı ilə qələbə qazanmışdı. Ardınca gələn 10 matçda qələbə üzü görməyən komanda, 2015-ci ildəki 9 oyunluq uğursuz seriyanı geridə qoyaraq yeni bir rekord müəyyən edib. Həmin dövrdə də “Neftçi” 5 heç-heçə edib, 4 məğlubiyyət yaşamışdı.
“Neftçi”nin bu məğlubiyyəti həm də tarixində bir ilkdir. Komanda tarixində ilk dəfədir ki, 3 və daha çox qol vurduğu bir oyunda məğlub olur. Ölkə çempionatları tarixində isə bu, 28-ci belə hadisədir.