Mateuş Koxalski “Qarabağ”la Azərbaycan dilində vidalaşdı

“Qarabağ”dan ayrılan polşalı qapıçı Mateuş Koxalski Ağdam klubunda keçirdiyi iki ildən sonra azarkeşlərə vida mesajı ünvanlayıb. 25 yaşlı futbolçu paylaşımının sonunda Azərbaycan dilində “Təşəkkürlər, Qarabağ!” yazıb.

Koxalski “Qarabağ”ın ona karyerasında ilk dəfə xaricdə oynamaq və uşaqlıq arzularından birini həyata keçirmək imkanı verdiyini bildirib.

“‘Qarabağ’ mənə xaricdə ilk macəramı yaşamaq fürsəti verdi. Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim, indi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram.

Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam. İndi isə yeni bir çağırışın vaxtıdır. Buradan əvəzsiz təcrübə və ömür boyu mənimlə qalacaq xatirələrlə ayrılıram”.

Koxalski “Qarabağ”da 76 oyun keçirib

Polşalı qapıçı Ağdam təmsilçisinə 2024-cü ilin yayında “Stal Mielec”dən transfer olunmuşdu. O, “Qarabağ”ın heyətində ümumilikdə 76 matça çıxıb və bunların 28-də qapısını toxunulmaz saxlayıb.

Koxalski 2024/25 mövsümündə “Qarabağ”la Azərbaycan çempionu olub. Növbəti mövsümdə isə komandanın Çempionlar Liqasının əsas mərhələsində və 1/8 finala vəsiqə uğrunda pley-offda çıxışında iştirak edib.

“Qarabağ” qapıçının istəyini nəzərə alaraq Polşa klubu “Wieczysta”nın təklifini qəbul edib. Tərəflər arasında aparılan danışıqlardan sonra transferlə bağlı razılıq əldə olunub.

Beləliklə, Azərbaycanda iki mövsüm keçirən Koxalski karyerasını yenidən vətənində davam etdirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni