Azərbaycanın qrossmeysteri Aydın Süleymanlı İsveçrənin Bil şəhərində təşkil olunan nüfuzlu Grandmaster Triathlon turnirində uğurlu çıxışını davam etdirir. Üç müxtəlif şahmat formatını bir araya gətirən yarışın aralıq nəticələrinə əsasən, təmsilçimiz ümumi sıralamada ilk üçlükdə yer alır və liderlər uğrunda mübarizəsini davam etdirir.
Turnirin formatı necədir?
Yarış üç fərqli şahmat növünü əhatə edir və yekun qalib bütün mərhələlər üzrə topladığı xallara əsasən müəyyənləşdirilir:
- Rapid: qələbə – 2 xal, heç-heçə – 1 xal, məğlubiyyət – 0 xal
- Klassik şahmat: qələbə – 4 xal, heç-heçə – 1,5 xal, məğlubiyyət – 0 xal
- Blits: qələbə – 1 xal, heç-heçə – 0,5 xal, məğlubiyyət – 0 xal
Rapid turnirini ikinci pillədə başa vuran Aydın Süleymanlı hazırda 7,5 xalla ümumi sıralamada üçüncü yerdədir. Turnir cədvəlinə Vyetnam təmsilçisi Le Kuanq Liem başçılıq edir, ABŞ adından çıxış edən Levon Aronyan isə ikinci pillədə qərarlaşıb.
Klassik mərhələdə vəziyyət
Klassik şahmat üzrə artıq iki turun oyunları keçirilib. Aydın Süleymanlı hər iki görüşünü heç-heçə ilə başa vurub. Azərbaycanlı qrossmeyster əvvəlcə ABŞ təmsilçisi Levon Aronyanla, daha sonra isə meksikalı Xose Martineslə xalları bölüşüb.
Bu nəticələrdən sonra Süleymanlı klassik turnirdə 3 xalla ikinci pillədə qərarlaşıb. Hər iki partiyasını qələbə ilə başa vuran Le Kuanq Liem isə 5 xalla lider mövqeyini qoruyur.
Festival hələ başa çatmayıb. Qarşıda klassik şahmat üzrə növbəti turlar, ardınca isə son yarış günü keçiriləcək blits turniri var. Yekun qalib və mükafatçıların kim olacağı məhz həmin görüşlərin nəticələrinə əsasən müəyyənləşəcək.




