Azərbaycan daha bir nüfuzlu beynəlxalq futbol turnirinin təşkilatçısı olacaq. FIFA Şurası Bürosunun qərarına əsasən, ölkəmiz 2026-cı ildə keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatı və Futbol Festivalına ev sahibliyi etmək hüququ qazanıb. Qərar FIFA-nın rəsmi açıqlamasında təsdiqlənib.
Yeni yarış ötən ilin dekabrında FIFA Şurasının qərarı ilə təsis olunub və qurumun uşaq futbolunun inkişafına yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir. İlk turnir yalnız 15 yaşadək oğlanlardan ibarət milli komandaların iştirakı ilə keçiriləcək. 2027-ci ildə analoji yarış yalnız qızlardan ibarət komandalar arasında təşkil olunacaq, 2028-ci ildən etibarən isə hər iki kateqoriya üzrə ayrıca dünya çempionatları keçiriləcək.
FIFA seçimini nə ilə əsaslandırdı?
FIFA Azərbaycanın namizədliyini qiymətləndirərkən ölkənin müasir idman infrastrukturu, logistika imkanları və minlərlə gənc futbolçunu, məşqçi heyətini və müşayiət edən şəxsləri mərkəzləşdirilmiş şəkildə qəbul etmək potensialını əsas meyar kimi göstərib. Bundan əlavə, Azərbaycanın 2027-ci ildə keçiriləcək FIFA U-20 Dünya Çempionatının ev sahiblərindən biri olması da qərarın qəbulunda mühüm rol oynayıb və beynəlxalq turnirlərin təşkili baxımından ardıcıllıq yaradıb.
FIFA Şurası Bürosunun təsdiqlədiyi təqvimə əsasən, FIFA U-15 Dünya Çempionatı və Futbol Festivalı 2026 22–31 oktyabr tarixlərində keçiriləcək. Bu yarış Azərbaycanın növbəti dəfə qlobal futbol tədbirlərinin mərkəzinə çevrilməsi və ölkənin beynəlxalq idman arenasında mövqeyinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli hadisə hesab olunur.




