Azərbaycan Ukraynanı məğlub etdi və yenidən Avropa çempionu oldu

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi adını qazanıb. Elşad Quliyevin rəhbərlik etdiyi komanda final qarşılaşmasında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə qitə çempionluğunu bayram edib.

Həlledici görüşdə Azərbaycan millisi oyuna fəal başlayıb və hesabı erkən açmağı bacarıb. Qarşılaşmanın 7-ci dəqiqəsində Mirmehdi Rzayev fərqlənərək komandasını önə keçirib. İlk hissədən etibarən üstünlüyü ələ alan yığmamız oyunun sonlarına qədər hesabı qorumağı bacarıb.

Finalda son nöqtəni İsa Atayev qoydu

Ukrayna millisi ikinci hissədə bərabərlik qolu üçün irəli atılsa da, Azərbaycan futbolçuları həm müdafiədə etibarlı çıxış edib, həm də əks-hücumlarda təhlükə yaradıb. Qarşılaşmanın son saniyələrində İsa Atayev rəqib qapısına ikinci topu göndərərək çempionluq məsələsinə tam aydınlıq gətirib.

Beləliklə, final fitindən sonra tablo 2:0 hesabını göstərib və Azərbaycan millisi növbəti dəfə Avropa çempionu adına sahib çıxıb.

Çempionluğa aparan yol

Yığmamız turnir boyu uğurlu çıxışı ilə seçilib. F qrupunda Avstriyanı 1:0, İtaliyanı 3:0 və Fransanı 3:2 hesabı ilə məğlub edən komanda pley-off mərhələsində də inamlı oyun nümayiş etdirib. Azərbaycan 1/8 finalda Qazaxıstanı 3:2, dörddəbir finalda Çexiyanı 5:2 hesabı ilə üstələyib.

Yarımfinalda isə Serbiya ilə əsas vaxtı 1:1 başa çatan görüşdə penaltilər seriyasında 3:1 hesablı qələbə qazanılıb. Bu nəticələrdən sonra finala yüksələn millimiz Ukrayna səddini də aşaraq kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, Azərbaycan minifutbol millisi daha əvvəl 2022-ci ildə Avropa çempionu olub. Komanda həmçinin 2025-ci ildə dünya çempionluğu qazanaraq ölkə idmanı tarixinin ən böyük uğurlarından birinə imza atmışdı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni