Bakıda keçirilən ənənəvi “Baku Open” şahmat festivalında altı turdan sonra vəziyyət daha da gərginləşib. Azərbaycanlı şahmatçı Xəqan Əhməd turnirin liderlər qrupunda yer almağı bacarıb və hazırda əsas favoritlər sırasında göstərilir. Yarışın bu mərhələsində o, topladığı xallarla ilk beşlikdə qərarlaşıb və çempionluq uğrunda mübarizəni davam etdirir.
Altıncı turda Xəqan Əhməd yerli şahmatçı Süleyman Süleymanlı üzərində inamlı qələbə qazanaraq xal ehtiyatını 5-ə çatdırıb. Bu nəticə ilə o, 1-5-ci yerləri bölüşür, lakin əlavə göstəricilərə görə hazırda beşinci pillədə qərarlaşıb. Qeyd edək ki, Şəhriyar Məmmədyarovun yetirməsi olan gənc şahmatçı turnirdə hələ heç-heçə etməyən azsaylı iştirakçılardandır ki, bu da onun stabil və riskli oyun tərzindən xəbər verir.
Turnirdə Tunar Davudovun çıxışı da xüsusi qeyd olunmalıdır. O, 4,5 xal toplayaraq altıncı sırada qərarlaşıb. Davudov beşinci turda güclü rəqib – neytral statusla çıxış edən rusiyalı Polina Şuvalovanı məğlub etməklə diqqət çəkib.
Digər tərəfdən, son Avropa çempionatının gümüş mükafatçısı Nicat Abbasov hələlik gözlənilən nəticəni göstərə bilmir. Onun aktivində 4 xal var və bu göstərici ilə o, 17-ci yerdə qərarlaşıb. Turnirin ən təcrübəli iştirakçılarından biri, keçmiş dünya çempionu Ruslan Ponomaryov isə 4,5 xalla 9-cu pillədə yer alaraq liderlərə yaxın mövqedədir.
Hazırda liderlər qrupunda Xəqan Əhmədlə yanaşı Hindistan və İran şahmatçıları da mübarizə aparır. Ümumilikdə 9 turdan ibarət olan yarış mayın 6-da başa çatacaq və qalib həmin gün müəyyənləşəcək.



