Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında təşkilatın yeni rəhbərliyi müəyyənləşib. Səsvermənin nəticələrinə əsasən, yeganə namizəd olan Elxan Səmədov yekdilliklə növbəti dörd il müddətinə PFL prezidenti seçilib. Bununla da o, Azərbaycan peşəkar futbolunun idarə olunmasına rəhbərliyini davam etdirəcək.
Yığıncaqda PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL İdarə Heyətinin üzvləri, futbol klublarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərin və dünyasını dəyişmiş futbol adamlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Yetərsay təmin olunduqdan sonra Ümumi Yığıncaq səlahiyyətli elan edilib və işçi heyət təsdiqlənərək gündəlik qəbul olunub.
Hesabatlar dinlənildi, ardından seçkilər keçirildi
İclas zamanı iştirakçılara PFL-in son dörd ildəki fəaliyyətini əks etdirən geniş videoçarx təqdim olunub. Daha sonra maliyyə hesabatı qurumun mühasibi Həci Babayev, audit hesabatı isə müstəqil auditor Natiq Kərimov tərəfindən təqdim edilib. Hesabatların müzakirəsindən sonra prezident seçkilərinə start verilib.
Yeganə namizəd olan Elxan Səmədov bütün səsləri qazanaraq növbəti dörd il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Yeni İdarə Heyətinin tərkibi təsdiqləndi
Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi də səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti dörd il ərzində İdarə Heyətində aşağıdakı şəxslər fəaliyyət göstərəcəklər:
- Elxan Səmədov – PFL prezidenti
- Məlik Həsənov – İdman işləri üzrə müşavir
- Aslan Şahgəldiyev – Vitse-prezident
- Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
- Elgiz Abbasov – Texniki-idman direktoru
- Sənan Abdullayev – Media və marketinq direktoru
Yığıncağın sonunda AFFA rəhbərliyinə, futbol klublarının nümayəndələrinə və tədbirin bütün iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkür ifadə olunub. Yeni rəhbərliyin qarşıdakı dörd il ərzində ölkə çempionatlarının təşkili, peşəkar futbolun inkişafı və klublarla əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.




