Keçmiş ağır çəki üzrə dünya çempionu Endi Ruis uzun fasilədən sonra peşəkar boksa dönüşünü rəsmiləşdirib. Meksikalı boksçu Matchroom Boxing promouter şirkəti ilə çoxdöyüşlü müqavilə imzalayıb və bununla da karyerasında yeni mərhələyə start verib. Şirkətin açıqlamasına əsasən, Ruisin növbəti döyüşü ilə bağlı detallar yaxın günlərdə elan ediləcək.
36 yaşlı boksçu son dəfə 2024-cü ilin avqustunda Cerrell Millerlə qarşılaşıb və həmin görüş heç-heçə nəticələnib. Bundan sonra iki il rinqdən uzaq qalan Ruis yenidən dünya tituluna iddialı olmaq niyyətindədir. O, artıq məşqlərə başlayıb və əvvəllər ən böyük uğurunu qazandığı məşqçi Menni Robleslə əməkdaşlığını bərpa edib.
Dünya çempionluğu uğrunda yenidən mübarizə aparmaq istəyir
Yeni müqavilədən sonra açıqlama verən Endi Ruis əsas məqsədinin yenidən dünya çempionu olmaq olduğunu bildirib.
“Matchroom ilə müqavilə imzaladığıma görə çox xoşbəxtəm. Bu, məqsədimə doğru növbəti addımdır. Meksika üçün ikinci dəfə dünya çempionu olmaq istəyirəm. Həyatda hər şeyin bir səbəbi var. Düşünürəm ki, Tanrı mənə hər şeyi düzgün etmək üçün ikinci şans verib. Bəzən insanı sındırırlar ki, daha güclü qayıtsın”, – deyə Ruis vurğulayıb.
Ruis ağır çəkidə ən böyük sensasiyalardan birinə 2019-cu ildə imza atmışdı. O, Nyu-Yorkda Entoni Coşuanı məğlub edərək WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu olmuş, bununla da Meksika tarixində ilk ağır çəki dünya çempionu kimi tarixə düşmüşdü. Həmin ilin sonunda keçirilən revanş qarşılaşmasında isə titullarını britaniyalı rəqibinə uduzmuşdu.
Hazırda Matchroom rəhbərliyi Ruisin sentyabr ayında ABŞ-da keçiriləcək boks gecəsində rinqə çıxmasını planlaşdırır. Məlumatlara görə, onun potensial rəqibi polyak ağır çəkili Damian Knyba ola bilər. Bu görüş baş tutacağı halda, Ruis iki illik fasilədən sonra yenidən dünya çempionluğu uğrunda mübarizəyə qayıtmaq üçün ilk addımını atacaq.




