FIFA-dan “Turan Tovuz”a yüz minlərlə dollar gəlir: Millidəki futbolçu kluba qazandıracaq

“Turan Tovuz” yaxın aylarda FIFA-dan əhəmiyyətli məbləğdə maliyyə vəsaiti əldə edə bilər. Buna səbəb klubun panamalı müdafiəçisi Roderik Millerin dünya çempionatında iştirak edəcək milli komandanın heyətində yer almasıdır.

FIFA-nın tətbiq etdiyi Klub Faydalanma Proqramına əsasən, mundialda çıxış edən futbolçuların klublarına kompensasiya ödənilir. Bu vəsait oyunçunun milli komandanın düşərgəsində keçirdiyi günlərin sayına uyğun hesablanır və turnirdən sonra klublara köçürülür.

Roderik Miller “Turan Tovuz”a qazanc gətirəcək

FIFA-dan “Turan Tovuz”a yüz minlərlə dollar gəlir: Millidəki futbolçu kluba qazandıracaq

Azərbaycan klubları arasında dünya çempionatında futbolçusu ilə təmsil olunan yeganə komanda məhz “Turan Tovuz”dur. Panama millisinin əsas müdafiəçilərindən olan Roderik Miller mundial ərzində yığmanın heyətində yer alacaq.

Mövcud qaydalara görə, futbolçunun milli komandada olduğu hər gün üçün klubuna 5 min ABŞ dolları ödəniləcək. Bu isə Tovuz təmsilçisinin turnirin gedişatından asılı olaraq ciddi gəlir əldə etməsi deməkdir.

Qazanc məbləği mərhələlərə görə dəyişəcək

Panama millisi qrup mərhələsindən kənara çıxa bilməsə belə, “Turan Tovuz” minimum 145 min dollar (təxminən 246,5 min manat) qazanacaq.

Komandanın turnirdə daha irəli getməsi halında məbləğ artacaq:

  • 1/16 final – 175 min dollar
  • 1/8 final – 195 min dollar
  • 1/4 final – 215 min dollar
  • Yarımfinal – 230 min dollar
  • Final – 250 min dollar

Beləliklə, Panama millisinin nəticələrindən asılı olaraq Azərbaycan klubu FIFA-dan minimum 145 min, maksimum isə 250 min dollar həcmində vəsait əldə edə bilər. Bu məbləğ klubun yay transfer planları və büdcəsi baxımından mühüm dəstək hesab olunur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni