Avqustun 21-nə keçən gecə Fort-Loderdeyldakı Chase Stadium arenasında Liqa Kuboku 2025-in 1/4 final qarşılaşması keçirilib. İnter Mayami meksikalı UANL Tigres üzərində 2:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Qələbənin əsas memarı Luis Suares olub — hücumçu komandasının hər iki qolunu penalti zərbəsindən vurub. Qonaqların yeganə qolunu Madrid “Atletico”sunun sabiq oyunçusu Anxel Korrea qeydiyyata alıb.
Xavyer Maskeranonun rəhbərliyi altında çıxış edən qalib komandanın heyətində daha iki keçmiş “Barselona” futbolçusu da meydanda olub: Jordi Alba (fasilədə əvəzlənib) və Sergio Buskets (90 dəqiqə oynayıb). Ulduz hücumçu Lionel Messi isə yüngül əzələ zədəsinə görə matçı buraxıb.
Yarımfinalda İnter Mayami ABŞ klubu Orlando City ilə qarşılaşacaq. Rəqib penaltilər seriyasında meksikalı Toluca üzərində 6:5 hesabı ilə qələbə qazanıb.



