“Neftçi” yay transfer dövründə heyətini gücləndirmək istiqamətində növbəti addımını atmağa hazırlaşır. Bakı təmsilçisi Slovakiya millisinin üzvü Lübomir Tupta ilə razılıq əldə edib. Tərəflər arasında son detallara aydınlıq gətirildikdən sonra futbolçunun Azərbaycana gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.
28 yaşlı hücumçu hazırda Yunanıstan Super Liqasında çıxış edən AEL klubunun formasını geyinir və bu komanda ilə 2028-ci ilin yayına qədər qüvvədə olan müqaviləyə malikdir. Buna baxmayaraq, “Neftçi” futbolçunun transferini reallaşdırmaq üçün onunla şəxsi razılıq əldə edib.
Lübomir Tupta peşəkar karyerası ərzində Avropanın bir sıra tanınmış klublarında çıxış edib. Slovakiyalı forvard İtaliyanın “Verona”, “Askoli” və “Peskara”, Polşanın “Visla” (Krakov) və “Vidzev Lodz”, İsveçrənin “Sion”, Çexiyanın “Slovan” (Libereç) komandalarının da formasını geyinib. O, eyni zamanda Slovakiya milli komandasının da üzvlərindən biridir.
“Neftçi” yeni mövsüm öncəsi hücum xəttini gücləndirməyə çalışır və Tuptanın transferi reallaşacağı təqdirdə, onun komandanın əsas hücum variantlarından biri olacağı gözlənilir. Bakı klubunun yaxın günlərdə transferi rəsmən açıqlaması istisna edilmir.




