Azərbaycan futbolunda ilk dəfə tətbiq edilən yeni maliyyə təşviqi sistemi çərçivəsində Premyer Liqa klublarına milyonlarla manat həcmində bonus ödənilib. Peşəkar Futbol Liqası mövsümün yekunlarına əsasən komandalar arasında ümumilikdə 2 milyon 610 min manat vəsait paylayıb.
Bonus fondu necə formalaşdırılıb?
Yeni mexanizm AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi qaydalara əsasən həyata keçirilib. Premyer Liqa iştirakçılarının sifariş vərəqələrində yer alan legioner futbolçular üçün ödənilən rüsumlar xüsusi bonus fondunun əsasını təşkil edib. Daha sonra həmin vəsait yerli futbolçuların mövsüm ərzində meydanda keçirdikləri dəqiqələr nəzərə alınmaqla klublar arasında bölüşdürülüb.
Mövsüm boyunca PFL tərəfindən bütün statistik göstəricilər hesablanıb, klubların nəticələri təhlil olunub və yekun bölgü təsdiqlənmiş meyarlara uyğun müəyyənləşdirilib. Maraqlıdır ki, ilkin olaraq bonus fondunun minimum həcmi 1 milyon manat nəzərdə tutulsa da, yekunda klublara köçürülən məbləğ bunun xeyli üzərində olub.
Yekun nəticələrə əsasən, bonus bölgüsündə ən yüksək göstərici “Qəbələ” klubuna məxsus olub. Bölgə təmsilçisi hesablanmış vəsaitlə yanaşı, əvvəldən elan edilən əlavə 50 min manat xüsusi mükafat da əldə edib.




