“Qəbələ” futbol klubunda məşqçilər korpusunun formalaşdırılması istiqamətində yeni addımlar atılıb. Komandaya iki əcnəbi mütəxəssis cəlb olunub və onlar baş məşqçi Jeton Bekirinin rəhbərlik etdiyi texniki heyətdə fəaliyyət göstərəcəklər.
Burhan Emurlai “Qəbələ”də köməkçi məşqçi funksiyasını yerinə yetirəcək. Arvid Bregasi isə məşqçi-analitik kimi çalışacaq. Emurlai daha əvvəl də Jeton Bekiri ilə Şimali Makedoniyanın “Şkendiya” klubunda birlikdə fəaliyyət göstərib.
Bekirinin məşqçilər korpusu formalaşır
Yeni mütəxəssislərin gəlməsi ilə yanaşı, “Qəbələ”nin əvvəlki məşqçilər korpusunda yer alan bir sıra şəxslər də vəzifələrində qalacaqlar. Amil Ağacanov qapıçılar üzrə məşqçi, Miloş Yevtiç fiziki hazırlıq üzrə məşqçi, Manaf Kələntərli isə məşqçi-analitik kimi fəaliyyətini davam etdirəcək.
Jeton Bekiri “Qəbələ”nin baş məşqçisi vəzifəsinə sentyabr ayında gətirilib. 44 yaşlı şimali makedoniyalı mütəxəssis daha əvvəl “Şkendiya”nı çalışdırıb və komanda ilə 2024/25 mövsümündə Şimali Makedoniya çempionluğunu qazanıb.






