Ukraynanın “Xarkov” klubunda çıxış edən azərbaycanəsilli futbolçu Ramik Hacıyev vaxtilə Azərbaycan millisindən aldığı dəvəti qəbul etməməsinin səbəbini açıqlayıb.
21 yaşlı hücumameyilli futbolçu Bakıda anadan olsa da, futbol karyerasını Ukraynada qurub. Hacıyev Ukraynanın U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, gələcəkdə Ukraynanın əsas milli komandasına yüksəlmək məqsədinin olduğunu da gizlətməyib.
Futbolçunun sözlərinə görə, Azərbaycan millisindən ona Ukraynanın U-19 komandasında oynadığı dövrdə təklif gəlib. Hacıyev həmin vaxt verdiyi qərardan sonra fikrini dəyişmədiyini deyib.
“U-19 komandasında oynadığım vaxt Azərbaycan millisindən dəvət almışdım. Lakin bundan imtina etdim. Çünki düşünürdüm ki, Ukrayna millisi Azərbaycan millisindən daha güclü və daha nüfuzludur. Mən burada hər şeyi bəyənirəm. U-19 komandasının üzvü idim və heç nəyi dəyişmək istəmirdim. Ukrayna mənim ikinci evimdir. Bu ölkəni çox sevirəm və bütün ukraynalılara hörmət edirəm”, – Hacıyev bildirib.
Ukraynanın əsas millisini hədəfləyir
Hacıyev hazırda əsas diqqətini klubundakı çıxışına və zədədən sonra optimal formasını bərpa etməyə yönəltdiyini qeyd edib. Futbolçu Ukraynanın əsas yığmasına düşməyi gələcək hədəflərindən biri hesab edir, lakin indiki mərhələdə bunun üzərində xüsusi təzyiq yaratmadığını bildirib.
Bakıda doğulan Hacıyev Azərbaycanla əlaqələrinin davam etdiyini də vurğulayıb. O, qısa yay tətili səbəbindən təxminən doqquz ildir Azərbaycana gəlmədiyini, valideynləri və kiçik qardaşının isə ölkəyə səfər etdiyini deyib. Futbolçu Azərbaycandakı qohumları ilə əlaqəni davam etdirdiyini bildirib.





