Davin Cəfərov Formula karyerası üçün sponsor dəstəyi axtarır

Azərbaycanlı gənc pilot Davin Cəfərov peşəkar avtoidmanda növbəti mərhələyə keçmək üçün sponsor dəstəyinə ehtiyac duyduğunu açıqlayıb. 16 yaşlı pilot Azərbaycan şirkətlərinə, iş adamlarına və potensial sponsorlara müraciət edərək Formula-4 səviyyəsində yarışmaq istədiyini bildirib.

İtaliyada doğulan və hazırda Portuqaliyada yaşayan Cəfərov artıq bir neçə ildir peşəkar kartinqlə məşğuldur. Onun Portuqaliyadakı nəticələri də rəsmi yarış protokollarında əksini tapıb. 2026-cı ildə “Easykart Portugal” yarışının Bombarral mərhələsində TaG Livre kateqoriyasında təsnifatın ən sürətli dövrəsini vuraraq hər üç yarışı qazanıb.

Formula-4 testlərini uğurla başa vurub

Cəfərov kartinqdən formula bolidlərinə keçid istiqamətində də ilk addımlarını atıb. Gənc pilot Portuqaliyadakı Portimao trasında Formula-4 avtomobili ilə testlərdə iştirak edib və artıq ikinci test proqramını tamamlayıb.

Onun sözlərinə görə, növbəti mərhələ FIA Formula-4 səviyyəsində rəsmi yarışlara qatılmaqdır. Lakin avtoidmanda tələb olunan yüksək maliyyə xərcləri səbəbindən bunu ailəsinin imkanları hesabına davam etdirmək çətinləşib.

“Ya bu yolda davam etməliyəm, ya da maliyyə dəstəyi olmadığı halda dayanmağa məcbur qalmalıyam. Amma mən bu yolun burada bitməsini istəmirəm. Bu səbəbdən Azərbaycanın imkanlı iş adamlarına, şirkətlərinə və sponsorlara müraciət edirəm”.

Hədəfi Formula-1-ə qədər yüksəlməkdir

Cəfərov sponsor dəstəyi əldə edəcəyi halda Formula pillələrində irəliləməyi qarşısına məqsəd qoyduğunu bildirib.

“Əminəm ki, yaxın illərdə Formula-2 və daha sonra Formula-1 səviyyəsinə qədər yüksələ bilərəm. Buna potensialım və yaşım da imkan verir”.

Gənc pilot hazırda Portuqaliyada hazırlığını davam etdirir. Onun 2026-cı il Portuqaliya Kartinq Çempionatının KZ2 Senior kateqoriyasında iştirakçı kimi qeydiyyatda olması da kartinq proqramını davam etdirdiyini göstərir.

Formula-4 gənc sürücülərin kartinqdən formula avtomobillərinə keçidində əsas başlanğıc kateqoriyalarından biridir. Cəfərov üçün növbəti vacib addım isə testlərdən daimi yarış proqramına keçmək və bunun üçün tələb olunan maliyyə dəstəyini təmin etməkdir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni