“Turan Tovuz” klubu UEFA-nın komandanı 2026/27 mövsümündə avrokuboklardan kənarlaşdırmaq qərarı ilə bağlı hüquqi mübarizəyə başlayır. Klub rəhbərliyi məsələni idman hüququnun ən yüksək instansiyalarından biri olan İdman Arbitraj Məhkəməsinə (CAS) daşımağa hazırlaşdığını açıqlayıb.
Tovuz təmsilçisi yaydığı bəyanatda bildirib ki, komanda 2025/26 mövsümünü Misli Premyer Liqasında üçüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb və bu nəticə tamamilə idman prinsipləri əsasında əldə olunub.
Klub UEFA qərarı ilə razı deyil
Açıqlamada qeyd olunub ki, UEFA tərəfindən aparılan araşdırma zamanı 2019-cu ildə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar əsas götürülüb. Həmin qərara əsasən, o dövrdə I Divizionda çıxış edən və sonradan danışılmış oyunlarla bağlı cəzalandırılan yeddi futbolçu futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.
Klub isə vurğulayır ki, sonrakı illərdə bütün tələblərə əməl edib, lisenziya alıb və fəaliyyətini mövcud qaydalara uyğun şəkildə davam etdirib. Buna baxmayaraq, UEFA 2 iyun 2026-cı il tarixli qərarı ilə “Turan Tovuz”un 2026/27 mövsümündə öz bayrağı altında keçirilən yarışlarda iştirakına icazə verməyib.
Hazırlıq planında dəyişiklik yoxdur
Klub rəhbərliyi hüquqi prosesə başlasa da, komandanın yeni mövsümə hazırlıq planlarının dəyişmədiyini açıqlayıb. Bildirilib ki, futbolçular yaxın günlərdə bir araya gələcək və nəzərdə tutulduğu kimi Türkiyədə təlim-məşq toplanışına yollanacaqlar.
“Turan Tovuz” hesab edir ki, Konfrans Liqasına vəsiqəni meydanda qazanıb və bu hüququ qorumaq üçün bütün mümkün hüquqi addımları atacaq. Klubun əsas məqsədi UEFA qərarının ləğvinə nail olmaq və avrokuboklarda iştirakını təmin etməkdir.




