Bakıda keçirilən U-17 dünya güləş çempionatında Azərbaycan təmsilçilərinin mübarizəsi davam edir. Yarış günündə Gülxanım Şirinova təsəlliverici görüşdə inamlı qələbə qazanaraq bürünc medal qarşılaşmasına vəsiqə əldə edib. Sərbəst güləşçilər arasında isə Nihad Süleymanlı 1/4 finala yüksəlib, digər üç təmsilçimiz ilk görüşlərində məğlub olublar.
40 kq çəki dərəcəsində çıxış edən Gülxanım Şirinova təsəlliverici mərhələdə Monqolustan təmsilçisi Azzaya Battulqanı 10:0 hesabı ilə vaxtından əvvəl məğlub edib. Azərbaycanlı güləşçi axşam sessiyasında bürünc medal uğrunda Türkiyə təmsilçisi Şirin Askari ilə qarşılaşacaq.
Şirinova daha əvvəl 1/4 finalda Tunis idmançısı Tasnim Athimniyə məğlub olmuşdu. Rəqibinin finala yüksəlməsi Azərbaycan təmsilçisinə təsəlliverici görüşdə iştirak etmək imkanı yaradıb.
Nihad Süleymanlı 1/4 finalda
Sərbəst güləş yarışlarında günün ən uğurlu nəticəsini Nihad Süleymanlı göstərib. 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Digər təmsilçilərimizin nəticələri belə olub:
- 48 kq: Hüseyn Rzazadə – Aaryan Aaryan (Hindistan) – 5:6
- 55 kq: Abbas Şəfiyev – Temirlan Murat (Qazaxıstan) – 1:5
- 110 kq: Hakim Tağıyev – Behruz Aşirov (Özbəkistan) – 2:3
Qadın güləşində 53 kq çəki dərəcəsində çıxış edən Fatimə Bayramova da mübarizəni dayandırıb. O, təsəlliverici görüşdə macarıstanlı Mariya Jitovoza 0:2 hesabı ilə uduzub.
U-17 dünya çempionatı Milli Gimnastika Arenasında təşkil olunur. Avqustun 2-dək davam edəcək yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.





