Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında dördüncü yarış günü həm qadın, həm də sərbəst güləş üzrə maraqlı qarşılaşmalarla yadda qalıb. Milli Gimnastika Arenasında təşkil olunan mundialda Azərbaycan yığmasının nümayəndələri təsəlliverici görüşlərə və əsas mərhələnin ilk qarşılaşmalarına çıxıblar.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə idmançı iştirak edir. Azərbaycan çempionatda 29 güləşçi ilə təmsil olunur və komandanın məqsədi medal sayını artırmaqdır.
Fatimə uduzdu, Gülxanım isə bürünc medal şansını qorudu
53 kq çəki dərəcəsində çıxış edən Fatimə Bayramova təsəlliverici görüşdə Macarıstan təmsilçisi Mariya Jitovozla qarşılaşıb. Gərgin keçən görüşdə rəqib 2:0 hesabı ilə qalib gəlib və Bayramova mundialla vidalaşıb.
Fatimə bundan əvvəl İsrail təmsilçisi Sela Cudit Rozov və Moldovadan Ruslana Karapetyanı məğlub etsə də, yarımfinala gedən yolda ABŞ güləşçisi Marli Ceyd Solomona uduzmuşdu.
40 kq çəki dərəcəsində mübarizə aparan Gülxanım Şirinova isə təsəlliverici görüşdə Monqolustan idmançısı Azzaya Battulqanı 10:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Şirinova daha əvvəl 1/4 final mərhələsində Tunis təmsilçisi Tasnim Athimniyə məğlub olmuşdu.
Beş sərbəst güləşçi yarışa start verir
Dördüncü yarış günündə Azərbaycanın beş sərbəst güləşçisi də xalça üzərinə çıxır. Onlar müxtəlif çəki dərəcələrində finala gedən yolda ilk sınaqlarını verəcəklər:
- 48 kq (1/8 final): Hüseyn Rzazadə – Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan) cütünün qalibi
- 55 kq (təsnifat): Abbas Şəfiyev – Temirlan Murat (Qazaxıstan)
- 65 kq (təsnifat): Rəşid Nazarov – Erik Papikyan (Ermənistan)
- 80 kq (1/8 final): Nihad Süleymanlı – Martin Mokraş (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan) cütünün qalibi
- 110 kq (təsnifat): Hakim Tağıyev – Behruz Aşirov (Özbəkistan)
Digər beş çəki dərəcəsində çıxış edəcək sərbəst güləşçilər mübarizəyə avqustun 1-də qoşulacaqlar. Avqustun 2-dək davam edəcək dünya çempionatında Azərbaycan komandası medal kolleksiyasını zənginləşdirməyə çalışacaq.





