Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxışı UEFA-nın ölkə reytinqində də öz əksini tapıb. Çempionlar Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra əmsallar cədvəli yenilənib və Azərbaycan xal ehtiyatını bir qədər də artırıb.
Hazırda ölkəmiz UEFA reytinqində mövqeyini qorusa da, əldə olunan əlavə xallar növbəti mövsümlər üçün mühüm əhəmiyyət daşıyır.
“Zirə” və “Sabah” ölkəyə əlavə əmsal qazandırdı
Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” UEFA Konfrans Liqasının ilk təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo Kutaisi”ni doğma meydanda 3:0 hesabı ilə məğlub edərək Azərbaycanın hesabına 0.250 əmsal əlavə edib.
Bundan əvvəl “Sabah” da UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində Uelsin TNS klubunu 2:0 hesabı ilə məğlub etmişdi. Hər iki komandanın qələbəsi nəticəsində Azərbaycanın cari mövsümdə topladığı əmsal 0.500-ə yüksəlib.
Yenilənmiş UEFA reytinqinə əsasən, Azərbaycanın ümumi əmsalı 19.062-yə çatıb. Bu göstərici ilə ölkəmiz 26-cı sırada qərarlaşır və ötən turdan sonra mövqeyini dəyişməyib.
Azərbaycanın ən yaxın izləyicisi Slovakiyadır. Bu ölkənin aktivində 18.250 xal var. Siyahıda bir pillə yuxarıda yerləşən İsrail isə 20.750 xalla 25-ci sıradadır.
55 milli assosiasiyanın yer aldığı UEFA əmsallar cədvəlinə isə 101.852 xalla İngiltərə başçılıq edir.




