Beynəlxalq Cüdo Federasiyası (IJF) 2024-cü ilin yekunlarına əsasən prestijli mükafatların qaliblərini elan edib. Azərbaycan milli komandasının üzvü Hidayət Heydərov kişi cüdoçular arasında “İlin ən yaxşı cüdoçusu”, yığmamızın baş məşqçisi Riçard Trautman isə “İlin ən yaxşı kişi komandası baş məşqçisi” seçilib.
Sport-Az xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu titulunu qazanan Hidayət Heydərov mükafata layiq görüldüyü üçün sevincini bölüşüb:
“Bu ada layiq görülmək mənim üçün böyük qürurdur. Bu, təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Arxamda böyük bir komanda dayanır. Azərbaycan Cüdo Federasiyasına, ailəmə və məni dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm.”
Baş məşqçi Riçard Trautman da bu uğurla bağlı fikirlərini bildirib:
“Möhtəşəm komandamız qarşısında dərin minnətdarlığımı bildirirəm! Bu cür qətiyyətli idmançılar, peşəkar məşqçilər və inanılmaz kollektivlə işləmək mənim üçün böyük şərəf idi. Biz birlikdə cüdo tarixində yeni səhifə açdıq. Hər kəsə təşəkkür edirəm!”



