“Sabah” “Qarabağ” və “Xəzər Lənkəran”ın rekordunu təkrarladı

“Sabah” Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə səfər oyunlarındakı uğurlu seriyasını davam etdirib. Paytaxt təmsilçisi çempionatın startında keçirdiyi ilk dörd səfər qarşılaşmasının hamısında qələbə qazanıb və bu oyunlarda qapısından qol buraxmayıb.

Son ölkə çempionu V turda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edib. Görüşdə Patrik Mbina, Abdulax Xaybulaev və Velko Simiç fərqləniblər. Bununla “Sabah” bir oyun az keçirməsinə baxmayaraq, aktivindəki xalların sayını 12-yə çatdırıb.

Bu nəticə Azərbaycan çempionatları tarixində cəmi dördüncü dəfə qeydə alınıb. Daha əvvəl üç klub mövsümün ilk dörd səfər matçını qol buraxmadan qələbə ilə başa vurmağı bacarıb.

“Sabah” tarixi göstəricini təkrarladı

İlk belə seriyaya 1995/1996 mövsümündə “Xəzər” imza atıb. Həmin komanda ilk dörd səfər qarşılaşmasını ümumi 6:0 hesabı ilə başa vurub.

2007/2008 mövsümündə “Xəzər Lənkəran”, 2019/2020 mövsümündə isə “Qarabağ” eyni nəticəni təkrarlayıb. Hər iki komandanın həmin dörd matçdakı ümumi top fərqi 10:0 olub.

“Sabah” isə 2026/2027 mövsümünün ilk dörd səfər qələbəsində rəqib qapılarından 11 cavabsız top keçirib. Beləliklə, komanda bu göstəricidə əvvəlki üç seriyanı da geridə qoyub.

“Şəfa” üzərində 3:0 hesablı nəticə həm də “Sabah”ın Premyer Liqada səfərdə qazandığı 10-cu böyükhesablı qələbə olub. Bakı klubu rəqib meydanında ən azı 10 belə qələbəsi olan 11-ci komandaya çevrilib. “Sabah” ilk böyükhesablı səfər qələbəsini 2021-ci il dekabrın 16-da “Səbail” üzərində 3:0 hesabı ilə qazanmışdı.

“Şəfa” ilə görüşdə komandasının üçüncü qoluna imza atan Velko Simiç “Sabah”ın heyətində 20 qol həddinə çatıb. Serbiyalı yarımmüdafiəçiyə bunun üçün 46 oyun lazım olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni